Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarındakı bəzi köhnə paylaşımlarda keçidlərin istifadəçiləri başqa səhifələrə yönləndirməsi hesabların ələ keçirilməsi ilə deyil, Bitly xidmətindəki təhlükəsizlik problemi ilə bağlı olub.

Bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edib.

Ekspertin sözlərinə görə, internet keçidlərini qısaldan Bitly xidmətindəki boşluqdan istifadə edilərək bəzi köhnə keçidlər başqa məzmunlara yönləndirilib. Rəsmi paylaşımların özündə isə dəyişiklik edilməyib.

Osman Gündüz bildirib ki, oxşar hallar Donald Tramp, Bill Qeyts və digər tanınmış şəxslərin, həmçinin ABŞ-nin Federal Təhqiqatlar Bürosunun, Müdafiə Nazirliyinin, “McDonald’s” və “Burger King” şirkətlərinin köhnə paylaşımlarında da aşkarlanıb.

Onun fikrincə, bu səbəbdən hadisəni yalnız Azərbaycana qarşı məqsədyönlü hücum və ya Prezidentin sosial şəbəkə hesablarının ələ keçirilməsi kimi qiymətləndirmək düzgün olmazdı.

Ekspert baş verənlərin kibertəhlükəsizliyə fasiləsiz nəzarətin vacibliyini göstərdiyini vurğulayıb. O qeyd edib ki, dövlət qurumları öz sistemləri ilə yanaşı, istifadə etdikləri xarici xidmət və texnologiyaları da mütəmadi auditdən keçirməlidirlər.

Osman Gündüz köhnə keçidlərin yoxlanılmasını, riskli olanların deaktiv edilməsini, mümkün qədər qurumların öz domenlərindən istifadə olunmasını və üçüncü tərəf xidmətlərinə nəzarətin gücləndirilməsini tövsiyə edib.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumların müşahidə olunduğu bildirilib. Aidiyyəti qurumlar hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görüblər.