İqlim tədbirlərinin həyata keçirilməsi üçün maliyyəyə çıxışın asanlaşdırılması və yeni maliyyələşmə mexanizmlərinin yaradılması vacibdir.
"Report"un Türkiyə bürosunun məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev COP31 çərçivəsində Belem Missiyası üzrə Yüksək Səviyyəli tədbirdə çıxışı zamanı deyib.
O, hesabatın təqdimatı zamanı missiya çərçivəsində il ərzində aparılan məsləhətləşmələr nəticəsində 148 yazılı təklif toplandığını bildirib. Hesabatda iqlim öhdəliklərinin icrasına mane olan əsas amillər kimi qeyri-kafi maliyyələşmə, texnologiyaya məhdud çıxış və institusional potensialın zəifliyi göstərilib.
Muxtar Babayev qeyd edib ki, inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərinin həyata keçirilməsi üçün maliyyəyə çıxışın asanlaşdırılması, əlverişli maliyyələşmə mexanizmlərinin yaradılması və investisiya risklərinin azaldılması vacibdir. Hesabatda, həmçinin, iqlim fondlarına çıxışın sadələşdirilməsi, layihələrin hazırlanmasının gücləndirilməsi və milli iqlim planlarının investorlarla əlaqələndirilməsi tövsiyə olunur.
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi xatırladıb ki, COP29-da 2035-ci ilədək illik ən azı 300 milyard dollarlıq iqlim maliyyəsi hədəfi qəbul edilib. "Bakıdan Belemə Yol Xəritəsi" ilə isə daha geniş - 1,3 trilyon dollarlıq maliyyələşmə məqsədinə çatmağın yolları müəyyənləşdirilib.
Muxtar Babayev vurğulayıb ki, Belem Missiyasının nəticələri COP31-dən sonra da iqlim fəaliyyətinə istiqamət verməli, maliyyə islahatları və texnologiya imkanları konkret icra mexanizmlərinə çevrilməlidir.
Qeyd edək ki, Belem Missiyası (Belém Mission to 1.5) 2025-ci ilin noyabrında Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində yaradılmış, qlobal istiləşməni 1,5°C həddində saxlamaq məqsədinə nail olmağa yönəlmiş beynəlxalq iqlim təşəbbüsüdür.
Bu təşəbbüs COP29, COP30 və COP31 prezidentliklərinin - Azərbaycan, Braziliya və Türkiyənin, həmçinin Avstraliyanın iştirakı ilə həyata keçirilən birgə prosesdir.