BMU-nun komandası NASA hakatonunda birinci olub

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşlığı, “Azərkosmos” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə NASA-nın beynəlxalq innovasiya platforması olan NASA Space Apps Challenge çərçivəsində “NASA Space Apps Azerbaijan 2026” hakatonu keçirilib.

Dünyanın ən böyük illik qlobal hakatonlarından biri olan NASA International Space Apps Challenge noyabrın 14–15-də dünyanın müxtəlif ölkələrində təşkil olunub. Bakı da builki rəsmi yerli tədbir şəhərləri sırasında yer alıb.

Hakatonun açılış mərasimində BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağasi Məlikov çıxış edərək beynəlxalq innovasiya tədbirlərinin gənclərin bilik və bacarıqlarının inkişafında, elmi ideyaların real layihələrə çevrilməsində və komanda işinin təşviqində əhəmiyyətini vurğulayıb.

Gənclərin innovativ düşüncə və yaradıcılıq potensialının inkişafına, elmi-texniki biliklərinin praktik tətbiqinə yönələn hakatona 1400-dən çox müraciət daxil olub. Seçim mərhələsindən sonra 100-dən çox iştirakçını birləşdirən 15 komanda yarışda iştirak edib. Komandalar NASA və tərəfdaş kosmik agentliklərin açıq məlumatlarından istifadə edərək Yer və kosmos elmləri üzrə aktual problemlərə innovativ həllər hazırlayıblar.

Yarışın nəticələrinə əsasən, BMU-nu təmsil edən “NASAZ” komandası “NEXUS” və “MARINT” komandaları ilə birlikdə birinci yerə layiq görülüb. Hər üç qalib komandaya mükafat olaraq M5 çipli, 15 düymlük MacBook təqdim olunub.

BMU komandasının bu uğuru universitet tələbələrinin innovativ və texnoloji potensialının, eləcə də universitetdə formalaşan startap mühitinin göstəricisidir.

Qeyd edək ki, “NASA Space Apps Azerbaijan”ın yerli rəhbəri BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin I kurs tələbəsi Amil Zeynallıdır.