Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Çin Xalq Respublikasında keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin gömrük orqanlarının rəhbər vəzifəli şəxsləri üçün gömrük əməkdaşlığı və ticarətin sadələşdirilməsi” seminarında iştirak edib.
Şanxay Gömrük Universitetində təşkil olunan seminarda Azərbaycan, Qazaxıstan və Özbəkistanın nümayəndə heyətləri təmsil olunublar.
Təlim proqramı çərçivəsində Çin Xalq Respublikasının gömrük sisteminin fəaliyyəti, ticarət prosedurlarının sadələşdirilməsi, gömrük sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində mühazirələr dinlənilib və praktiki məşğələlər keçirilib.
Təlimin gedişində iştirakçılara Çinin “Ağıllı Gömrük” konsepsiyası, gömrük risklərinin idarə edilməsi, qaçaqmalçılığa qarşı mübarizə, beynəlxalq ticarətdə “Vahid Pəncərə” sistemi və digər mövzularda təqdimatlar nümayiş etdirilib.
Seminar çərçivəsində DGK nümayəndə heyəti Şanxay Gömrük Universitetinin vitse-prezidenti Vanq Xiaogang ilə görüşüb, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Şanxay Gömrük Universiteti arasında mövcud əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
DGK nümayəndə heyəti, həmçinin Çin gömrük xidmətinin fəaliyyəti ilə yaxından tanış olub, proseslərin təşkilini əyani şəkildə izləyib.