Xəzər dənizinin sahilboyu ərazilərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsi üzrə vahid dövlət siyasətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) həvalə edilib.
Prezident İlham Əliyevin imzaladığı “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərmanda əksini tapıb.
Sənədə əsasən, sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi də ƏMDX-ya tapşırılıb. Bu məqsədlə Dövlət Xidmətinin işçilərinin say həddi 40 ştat vahidi artırılıb.
Nazirlər Kabineti altı ay müddətində sahilboyu ərazinin xüsusi statuslu ərazi kimi müəyyən edilməsi, zonalaşdırılması və hüquqi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini Prezidentə təqdim etməlidir.
Həmçinin sahilboyu ərazilərdə ətraf mühitin mühafizəsi, iqtisadi sahələrin inkişafı, turizm, rekreasiya və digər fəaliyyət istiqamətlərində dövlət orqanlarının idarəetmə və nəzarət funksiyalarının icrasında vahid yanaşmanın və koordinasiyalı idarəetmənin təşkili məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, torpaqların dövlət idarəetməsinin, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanmalıdır.
Nazirlər Kabineti altı ay müddətində Xəzərin Azərbaycan bölməsində su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, həmçinin ərazinin kağız və rəqəmsal formada qrafik təsvirini Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.
İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, eləcə də bu sahədə idarəetməni təmin edən informasiya sisteminin yaradılmasına dair təklifləri altı ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.
Fərmana əsasən, sahilboyu ərazidə torpaqların idarə edilməsi, o cümlədən istifadəyə və icarəyə verilməsi “bir pəncərə” prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.
İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində görülmüş işlər barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.
Fərmanın icrası ilə bağlı müşahidə sistemlərinin qurulması, monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işlərinin həyata keçirilməsi, eləcə də Xidmətin maddi-texniki təminatının gücləndirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.