Uşağınızın davranışındakı dəyişikliklərə diqqət edin! – Psixoloq və sosioloqdan vacib XƏBƏRDARLIQ

Müasir dövrdə uşaqların və yeniyetmələrin psixoloji sağlamlığı, sosiallaşması və şəxsiyyət kimi formalaşması cəmiyyətin diqqət tələb edən mühüm məsələlərindəndir. Sosial şəbəkələrin təsiri, virtual mühitdə formalaşan münasibətlər, kiberzorakılıq, ailədaxili ünsiyyət problemləri və valideyn diqqətinin azalması uşaqların həm psixoloji, həm də sosial inkişafına təsir göstərir.

Bu prosesə yalnız psixoloji deyil, həm də sosioloji prizmadan yanaşmaq vacibdir. Çünki uşaqların davranışlarında müşahidə olunan dəyişikliklərin arxasında həm fərdi psixoloji amillər, həm də ailə münasibətləri, sosial mühit və cəmiyyətdə baş verən dəyişikliklər dayanır.

Bəs uşaqların psixoloji sağlamlığını təhdid edən əsas amillər hansılardır?

Valideyn-övlad münasibətləri onların şəxsiyyət kimi formalaşmasına necə təsir edir?

Sağlam və sosial baxımdan dayanıqlı nəslin yetişməsində ailənin və cəmiyyətin məsuliyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı Moderator.az-ın suallarını uzman klinik (tibbi) psixoloq Narınc Rüstəmova və sosioloq Mail Yaqub cavablandırıblar.

Narınc Rüstəmova bildirib ki, müasir uşaqlar və yeniyetmələr rəqəmsal dünyanın təsiri altında böyüyürlər. Sosial şəbəkələr, onlayn oyunlar və virtual ünsiyyət onlara öyrənmək, maraqlarını bölüşmək və dostları ilə əlaqə saxlamaq imkanları yaradır:

“Lakin rəqəmsal mühitdə kiberzorakılıq, zərərli məzmun, başqaları ilə davamlı müqayisə və həddindən artıq informasiya axını kimi risklər də mövcuddur. Rəqəmsal mühitin təsiri bütün uşaqlarda eyni şəkildə təzahür etmir.

Bu təsirin xarakterinə uşağın yaşı, fərdi həssaslığı, ailə və məktəb münasibətləri, eləcə də onlayn təcrübəsinin məzmunu təsir göstərir.

Valideynlər bəzən yeniyetmənin otağında daha çox vaxt keçirməsini, dostları ilə əvvəlki kimi ünsiyyət qurmamasını və ya əhvalının dəyişməsini yaş dövrünə xas adi xüsusiyyətlər kimi qiymətləndirirlər.

Yeniyetməlik dövründə müstəqillik istəyinin artması və əhval dəyişkənliyi müşahidə oluna bilər. Lakin davranış dəyişiklikləri uzun müddət davam edir, intensivləşir və uşağın gündəlik həyatına, o cümlədən yuxu rejiminə, dərslərinə, ailə və dostları ilə münasibətlərinə təsir göstərirsə, bu hallara xüsusi diqqətlə yanaşmaq lazımdır.

Uşağın ailə üzvlərindən və dostlarından uzaqlaşması, əvvəllər maraq göstərdiyi fəaliyyətlərdən imtina etməsi, xüsusilə bu dəyişikliklər davamlı xarakter aldıqda və ya əvvəlki davranışları ilə müqayisədə nəzərəçarpacaq fərq yaratdıqda, diqqət tələb edən əlamətlər hesab olunur.

Uşaqda davamlı kədər, gərginlik, əsəbilik, aqressiv reaksiyalar və tez-tez ağlama müşahidə edilirsə, yuxu və iştah rejimində dəyişikliklər, yorğunluq və diqqətin azalması yaranırsa, məktəbə getmək istəyi azalır, dərs nəticələri zəifləyir və gündəlik öhdəliklərdən yayınma halları baş verirsə, bu əlamətlər ciddi narahatlıq doğuran siqnallar kimi qiymətləndirilməlidir”.

Narınc Rüstəmova vurğulayıb ki, uşağın bədən görünüşü, çəkisi və ya şəxsi dəyəri ilə bağlı həddindən artıq narahatlıq keçirməsi, özünü başqaları ilə davamlı müqayisə etməsi, telefondan uzaq qaldıqda güclü narahatlıq yaşaması, eləcə də onlayn fəaliyyətin yuxu rejiminə və gündəlik işlərinə mənfi təsir göstərməsi də ciddi diqqət tələb edən hallardır:

“Kiberzorakılığa məruz qalan uşaq yaşadıqlarını hər zaman özü dilə gətirməyə bilər. Onlayn mühitdə təhqir, təhdid, alçaldıcı paylaşımlar və ya şəxsi məlumatların yayılması uşağın emosional vəziyyətinə və məktəb həyatına mənfi təsir göstərə bilər.

Bu səbəbdən valideynlərin uşağın davranışındakı dəyişiklikləri müşahidə etməsi və onunla ittihamedici yanaşma sərgiləmədən söhbətə başlaması vacibdir.

Uşağa "Niyə belə edirsən?" və ya "Telefonu səndən alacağam" kimi sərt reaksiyalar göstərmək onun yaşadıqlarını gizlətməsinə səbəb ola bilər.

Söhbətə sakit və anlayışlı münasibət nümayiş etdirərək başlamaq daha məqsədəuyğundur:

"Son vaxtlar səni bir qədər narahat görürəm. İstəsən, nə baş verdiyini mənə danışa bilərsən".

Uşağın sözünü kəsmədən dinləmək, onu dərhal mühakimə etməmək və hisslərini kiçiltməmək valideynlə övlad arasında etimadın formalaşmasına kömək edir.

Ailə daxilində ekran istifadəsi ilə bağlı aydın və uşağın yaşına uyğun qaydaların müəyyənləşdirilməsi, yuxu rejiminə və üzbəüz ünsiyyətə kifayət qədər vaxt ayrılması da mühüm əhəmiyyət daşıyır.

Bu qaydalar yalnız uşaqlara şamil edilməməli, böyüklər də öz davranışları ilə onlara nümunə olmalıdırlar. Əsas məqsəd uşağı rəqəmsal dünyadan tamamilə uzaqlaşdırmaq deyil, onun bu mühitdə təhlükəsiz və balanslı davranış vərdişləri formalaşdırmasına kömək etməkdir.

Müşahidə olunan əlamətlər bir neçə həftə davam edir, getdikcə güclənir və uşağın gündəlik fəaliyyətinə mane olursa, psixoloqa müraciət etmək məqsədəuyğundur.

Özünə zərər vermə, yaşamaq istəmədiyini ifadə etmə və ya təhlükədə olduğunu göstərən fikirlər isə son dərəcə ciddi qəbul edilməlidir. Belə hallarda uşağı tək qoymadan dərhal peşəkar yardım almaq vacibdir.

Hər bir davranış dəyişikliyi psixoloji pozuntu anlamına gəlmir. Bununla belə, uşağın davranışındakı davamlı dəyişiklikləri yalnız yaş dövrünün xüsusiyyətləri ilə əlaqələndirərək diqqətdən kənarda qoymaq da düzgün yanaşma deyil.

Vaxtında qurulan sakit və etibarlı ünsiyyət, zərurət yarandıqda isə mütəxəssis dəstəyi uşağın özünü təhlükəsiz hiss etməsinə və qarşılaşdığı çətinliklərin vaxtında müəyyənləşdirilməsinə kömək edir”.

Uşaqların psixoloji sağlamlığına təsir edən amillər yalnız fərdi davranış və emosional vəziyyətlə məhdudlaşmır. Ailə münasibətləri, valideyn-övlad ünsiyyəti, nəsillərarası fərqlər və sosial mühit də onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

Məsələyə sosioloji aspektdən yanaşan sosioloq Mail Yaqub isə valideyn amilinin uşağın gələcək həyatında fundamental əhəmiyyət daşıdığını vurğulayıb.

Sosioloqun sözlərinə görə, birmənalı şəkildə qəbul edilməlidir ki, uşağın ilk müəllimi, ilk tərbiyəçisi və dünyanı dərk etməsində əsas istiqamətverici qüvvəsi valideynidir:

"Ailə mühiti uşağın emosional, psixoloji və sosial inkişafının təməlini təşkil edir. Əgər uşaq erkən yaşlarından valideyn qayğısından, diqqətindən, sevgisindən və sağlam ünsiyyət mühitindən məhrum olursa, bu, onun psixoloji inkişafında ciddi mənfi nəticələrə səbəb ola bilər.

Sonrakı mərhələlərdə məktəb, müəllim və digər sosial institutlar uşağın təhsilinə və inkişafına mühüm töhfə verə bilsələr də, ailədə formalaşmalı olan ilkin emosional təhlükəsizliyin və valideyn-övlad münasibətlərinin yerini tam şəkildə əvəz edə bilməzlər.

Çünki məktəb, ilk növbədə, təhsil və sosiallaşma prosesinin mühüm iştirakçısıdır, ailə isə şəxsiyyətin ilkin psixoloji və mənəvi təməllərinin formalaşdığı əsas mühitdir.

Valideyn övladı ilə müntəzəm, səmimi və etibara əsaslanan ünsiyyət qurmalı, onun düşüncələrini, hisslərini və narahatlıqlarını səbirlə dinləməyi bacarmalıdır.

Bu prosesdə təmkin, anlayış və aktiv dinləmə xüsusi əhəmiyyət daşıyır. Uşaq hiss etməlidir ki, onun fikirləri dəyərlidir, sualları diqqətlə qarşılanır və emosional ehtiyacları valideynləri tərəfindən nəzərə alınır.

Ailə daxilində ər-arvad münasibətlərinin xarakteri də uşağın psixoloji vəziyyətinə birbaşa təsir göstərən amillərdəndir. Valideynlər arasında davamlı münaqişələr, qarşılıqlı ittihamlar və gərgin münasibətlər uşaqlarda emosional narahatlıq, güvənsizlik və psixoloji gərginlik yarada bilər.

Aydındır ki, hər bir ailədə müəyyən fikir ayrılıqları və problemlər yaşana bilər. Lakin valideynlər bu məsələlərin həllində məsuliyyətli davranmalı, münaqişələrin uşaqların psixoloji təhlükəsizliyinə xələl gətirməsinə yol verməməlidirlər".

Mail Yaqub vurğulayıb ki, ailə daxilində sağlam münasibət modeli uşağın gələcəkdə insanlarla münasibət qurmaq bacarığının formalaşmasında mühüm rol oynayır:

"Valideyn diqqətinin və emosional dəstəyinin çatışmazlığı uşağın özünəinamına da mənfi təsir göstərə bilər. Övladının fikirlərinə laqeyd yanaşan, onunla dialoq qurmaqdan yayınan və ünsiyyət ehtiyaclarını nəzərə almayan valideyn, əslində, uşağın sosial bacarıqlarının inkişafı üçün vacib olan imkanları məhdudlaşdırmış olur.

Burada mühüm bir məqamı nəzərə almaq lazımdır: uşaq ünsiyyət qurmağı, fikirlərini ifadə etməyi, qarşı tərəfi dinləməyi və sosial münasibətlərdə özünü düzgün təqdim etməyi ilk növbədə ailə mühitində öyrənir.

Əgər valideyn uşağa öz fikirlərini sərbəst ifadə etmək, suallar vermək, müzakirələrdə iştirak etmək və müstəqil düşünmək imkanı yaratmırsa, bu, onun kommunikativ bacarıqlarının inkişafını çətinləşdirə bilər.

Nəticədə uşaqda özünəinamın zəifləməsi, sosial münasibətlərdə çəkingənlik, fikirlərini ifadə etməkdə çətinlik və psixoloji həssaslıq müşahidə oluna bilər. Bu xüsusiyyətlər isə gələcəkdə şəxslərarası münasibətlərə, peşəkar ünsiyyətə, əməkdaşlıq qabiliyyətinə və sosial adaptasiya prosesinə mənfi təsir göstərə bilər.

Məsələyə daha geniş prizmadan yanaşdıqda görürük ki, valideyn qayğısı və sağlam ailə ünsiyyəti yalnız uşağın bugünkü psixoloji vəziyyəti üçün deyil, onun gələcək şəxsiyyət və peşəkar mütəxəssis kimi formalaşması baxımından da əhəmiyyətlidir.

Uşaq gələcəkdə müəllim, psixoloq, həkim, hüquqşünas və ya digər peşə sahibi ola bilər. O, müvafiq təhsil alaraq peşə biliklərinə yiyələnə bilər. Lakin peşəkar bilik və akademik hazırlıq insanın emosional intellektini, empatiya qabiliyyətini, sağlam ünsiyyət bacarıqlarını və interpersonal münasibətlər qurmaq səriştəsini avtomatik şəkildə təmin etmir.

Məsələn, müəllim yalnız fənnini dərindən bilməklə kifayətlənməməli, eyni zamanda şagirdləri ilə düzgün kommunikasiya qurmağı, onların emosional vəziyyətini anlamağı, fərdi xüsusiyyətlərini nəzərə almağı bacarmalıdır.

Eyni yanaşma psixoloq, həkim və digər insanlarla birbaşa ünsiyyət tələb edən peşələrə də aiddir. Bu baxımdan, uşaqlıq dövründə ailədə mənimsənilən ünsiyyət mədəniyyəti və emosional münasibət modelləri gələcək peşə fəaliyyətinin keyfiyyətinə də təsir göstərə bilər.

Məhz buna görə valideynin rolu sadəcə uşağın maddi ehtiyaclarını ödəmək, onun təhsilini təmin etmək və gündəlik qayğılarını qarşılamaqla məhdudlaşmamalıdır. Valideyn həm də övladının emosional dünyasına nüfuz etməyi, onun daxili narahatlıqlarını anlamağı, fikirlərinə hörmətlə yanaşmağı və qarşılıqlı etimada əsaslanan münasibət formalaşdırmağı bacarmalıdır.

Valideyn övladını səbir və təmkinlə dinlədikdə, onun fikirlərinə dəyər verdikdə, dialoq zamanı uşağın özünü sərbəst ifadə etməsinə şərait yaratdıqda, onda sağlam özünəinamın və emosional təhlükəsizlik hissinin formalaşmasına mühüm töhfə verir.

Xüsusilə aktiv dinləmə bacarığı burada əvəzsiz əhəmiyyət daşıyır. Uşağı dinləmək sadəcə onun danışmasına imkan vermək deyil, eyni zamanda dediklərinin mahiyyətini anlamaq, hisslərini nəzərə almaq və ona özünü dəyərli hiss etdirməkdir.

Beləliklə, valideyn uşağın şəxsiyyət inkişafının təməlini qoyan əsas amillərdən biridir. Ailədə formalaşan emosional münasibətlər, ünsiyyət mədəniyyəti və psixoloji təhlükəsizlik uşağın gələcək həyatına, sosial davranışlarına, özünə münasibətinə və peşəkar fəaliyyətinə uzunmüddətli təsir göstərir.

Bu təməl nə qədər sağlam qurularsa, uşağın özünəinamlı, emosional baxımdan yetkin, ünsiyyətcil və sosial məsuliyyətli şəxsiyyət kimi formalaşması üçün bir o qədər əlverişli zəmin yaranar.

Unutmaq olmaz ki, uşağın gələcək şəxsiyyətinin bünövrəsi ailədə qoyulur. Bu bünövrənin möhkəmliyi isə valideynin övladına göstərdiyi diqqətdən, qayğıdan, səbirdən, emosional dəstəkdən və qurduğu sağlam ünsiyyətdən birbaşa asılıdır.

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda hazırlanıb.