Tələbələri narazı salan bufet qiymətləri: “Ac qalmamaq üçün yeyirəm”

Ali təhsil müəssisələrində tələbələrin yalnız dərs prosesi deyil, qidalanma şəraiti də daim diqqət mərkəzindədir. Gününün böyük hissəsini universitetdə keçirən tələbələr üçün bufet həm yemək, həm də dərslər arasında qısa müddətlik dincəlmək məkanıdır.

Üç korpusda fəaliyyət göstərən Azərbaycan Dillər Universitetinin (ADU) iki korpusu Bakının Nərimanov rayonunda, Təbriz küçəsində yerləşir.

Modern.az tələbə sayının çoxluğu ilə seçilən bu iki korpusda vəziyyətlə yerində tanış olmaq və bufetlərdəki şəraiti öyrənmək üçün araşdırma aparıb.

Dərs fasilələrində bufetlərdə sıxlıq yaranır. Menyuya nəzər saldıqda çay, un məmulatları, fast-food məhsulları və isti yeməklərin təklif olunduğunu görürük. Bəs tələbələr qiymət və keyfiyyət baxımından təklif olunan xidmətlərdən razıdırlarmı?

Bu suallara aydınlıq gətirmək üçün Təbriz küçəsindəki korpusda təhsil alan tələbələrlə həmsöhbət olub onların fikirlərini öyrəndik.

S.Hüseynquliyeva: "Əsasən burger alıram. Bəzən isə isti yeməklərdən istifadə edirəm. İsti yeməklər 4 manata satılır. Amma mən yarım porsiya, 2 manatlıq alıram".

Z.Quliyeva: "Mənə görə qiymətlər həddindən artıq bahadır. 1-ci kursda oxuyarkən, pizzanın qiyməti 1 manat 50 qəpik idi, 2-ci kursda 1 manat 60 qəpiyə qalxdı. Bu il də qiymət 1 manat 70 qəpikdir. Bu qiymət artımı tələbələrin cibinə uyğun deyil. Həmçinin keyfiyyət o qədər də ürəkaçan deyil. Ac qalmamaq üçün yeyirəm".

Ç.Nəsirova: " Yeməklərin qiyməti məncə tələbələr üçün uyğun deyil. Hər semestr qiymət qalxır, amma keyfiyyət eyni olaraq qalır".

N.Mustafayeva: "Mən bufetdən pizza alıram. Pizza çox dadlıdır və məni doyurur".

Nərimanov rayounundakı hər iki korpusda apardığımız müşahidələr göstərir ki, tələbələr üçün bufetin əlçatanlığı vacibdir. Qiymətlər və keyfiyyətlə bağlı fərqli yanaşmalar olsa da, bufet gənclərin günə enerjili davam etməsi üçün ADU-nun ən dinamik nöqtəsi hesab olunur.