Millətlər Liqasının D liqasında mübarizə aparan yığma bu gün vacib sınaqdan üzüağ çıxmağa çalışacaq. Söhbət Lixtenşteynlə səfər matçından gedir.
Əlbəttə, yığmamızın favorit sayıldığı matç haqda danışarkən daha rahat olmaq, hadisələrin mümkün axarı haqda asanlıqla müsbət proqnoz vermək istərdik. Lakin oktyabrın 1-də “cırtdan”la ev oyununda qeydə alınan nəticəni unutmamışıq. Düzdü, komandamız həmin matçda xeyli qol epizodu yaratmış, dəfələrlə topu tora qovuşdurmağa yaxın olmuşdu. Lakin bütün səylər fayda verməmiş, gözlənilməz heç-heçə (0:0) ilə üzləşmikdik. O başqa məsələ ki, üç gün sonra “Palms Sports Arena”da keçirilən oyunda Litvanı 1:0 hesablı məğlubiyyətə uğradan milli “günahını yumuş”, liderliyə yüksəlmişdi. İndi növbə Lixtenşteyn üzərində azı minimalhesablı qələbə qazanmaqdadı.
Təbii ki, bu gün qəlbimiz milli ilə, gözümüz isə oyunun canlı yayınlanacağı “CBC Sport”da olacaq.
Millətlər Liqası
D liqası
Lixtenşteyn – Azərbaycan 0:0
Hakimlər: KRİSTO TOHVER, Silver Koiv, Sander Saqa, Yonas Yanovits (hamısı Estoniya).
13 noyabr. Vaduts. “Reynpark” stadionu. Saat 23.45.
Bəli, indi yığmadan zirvədəki yerini möhkəmləndirmək tələb olunur. Hələ onu demirik ki, mümkün qədər böyükhesablı qələbəyə imza atmaq lazımdı. Axı belədə D liqasının qalibi olmaq şansı artacaq ki, hadisələrin axarı yığmamızın AÇ-2028-ə vəsiqə qazanmaq uğrunda pley-off matçı oynaması ilə nəticələnə bilər. Öz aramızdı, milli bu cür əhəmiyyətli uğura nail olacağı təqdirdə son illərdə yaşanan uğursuzluqlar unudulacaq, tribunalardan küsən azarkeşlər yenidən komanda ətrafında birləşəcək. Kəsəsi, səfərdə parlaq qələbəyə mane ola biləcək amil tapmaq mümkünsüzdü.
Ümumiyyətlə, bu gün yığmamıza yalnız özü mane ola bilər. Axı noyabrın 10-dan etibarən bizimkilərlə görüşə hazırlaşan, onsuz da əsasən qeyri-peşəkar futbolçulardan qurulan rəqib həm də kapitanının – Nikolas Haslerin xidmətindən məhrumdu. Baş məşqçi Konrad Fyunfştyuk onun əvəzinə 27 yaşlı Manuel Mikusu çağırıb.
Matçı idarə edəcək Kristo Tohveri də tanıyaq. 45 yaşlı estoniyalı ilə yollarımız ilk dəfə kəsişir. Ölkəsinin aşağı liqasında tanınan ədalət təmsilçisi qıa müddət sonra premyer-liqada görünüb. Referiyə indiyə qədər burda elita klublarının 470 oyunu həvalə edilib. Çempionlar Liqasının liqa mərhələsi istisna olmaqla avrokubokların bütün mərhələlərində iş başında olub. İndiyə qədər Gənclər Liqasında, beynəlxalq yoldaşlıq oyunlarında, Millətlər Liqasının B, C və D liqalarında oyun idarə edib. Ümumiyyətlə, Tohver karyerası ərzində idarə etdiyi 763 oyunda 2994 sarı, 208 qırmızı vərəqə göstərib.
1. Azərbaycan 3 1 2 0 2-1 5
2. Litva 3 1 1 1 3-2 4
3. Lixtenşteyn 2 0 1 1 0-2 1
Maraq üçün qeyd edək ki, noyabrın 16-da Litva Lixtenşteyni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da start götürəcək. Yığmamız həmin gün səfərdə Andorra ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç saat 22.00-da başlayacaq. Komandamız bu rəqiblə əvvəllər 5 dəfə qarşılaşıb. Bunların birində millimiz qalib gəlib (2:1), 4-də heç-heçə (hamısı 0:0) qeydə alınıb.