Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı - Video

Baku TV-nin "Kriminal" verilişində 2024-cü il noyabrın 5-də Sabunçu qəsəbəsində baş vermiş ağır cinayət hadisəsindən bəhs olunub.

Həmin gün saat 22 radələrində Sabunçu qəsəbəsi, Komsomol döngəsi, 6A ünvanında yerləşən fərdi yaşayış evində 1986-cı il təvəllüdlü Elmira Əliyeva ilə həyat yoldaşı, 1985-ci il təvəllüdlü Samir Əliyev arasında mübahisə yaranıb.Mübahisəyə səbəb Elmiranın Türkiyənin Dənizli şəhərində yaşayan övladının yanına gedərək orada qalmaq istəməsi, ərinin isə buna qəti şəkildə etiraz etməsi olub. Qəzəblənən qadın qisas məqsədilə 16 kalibrli ov tüfəngindən atəş açaraq çarpayıda uzanan Samir Əliyevin kürəyindən vurub və onu qəsdən öldürüb.Həmin gecə Elmira Əliyeva cinayətin izlərini itirmək məqsədilə meyiti mələfəyə və çadıra bükərək həyətyanı sahədəki talvarın altında basdırıb, üzərində isə güllər əkib. Qana bulaşmış divanı, döşəyi və digər əşyaları evdən 40 metr aralıda yerləşən zibilliyə atıb. Ov tüfəngini isə hissələrə ayıraraq dənizə atıb.O, ailə üzvlərinə ərinin mübahisədən sonra evdən çıxıb getdiyini bildirib. Samir Əliyevin itkin düşməsi ilə əlaqədar yaxınları həmin il dekabrın 24-də polis şöbəsinə rəsmi müraciət ediblər.

Hadisədən 11 ay sonra - 2025-ci il oktyabrın 22-də cinayətin üstü açılıb. Polis əməkdaşlarının həyata keçirdiyi baxış zamanı qeyd olunan ünvanda talvarın altından kişi meyiti aşkar edilib.Mərhumun atası Arif Əliyev oğlunu sağ qolundakı əqrəb şəkilli, sol qolundakı isə "ata-ana" yazılı döymələrinə görə tanıyıb.

İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Elmira Əliyeva 21 illik evlilikləri müddətində ərindən mütəmadi olaraq zorakılıq gördüyünü və narkotik vasitələrdən istifadə etməyə məcbur edildiyini bildirib. Lakin toplanmış sübutlar, ekspertiza rəyləri və şahid ifadələri onun özünümüdafiə ilə bağlı iddialarını təkzib edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il sentyabrın 11-də çıxardığı hökmə əsasən, Elmira Vidadi qızı Əliyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Cəza müddəti onun saxlanıldığı tarixdən - 2025-ci il oktyabrın 22-dən hesablanmaqla Elmira Əliyeva ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.