Balakən, 13 noyabr, AZƏRTAC Balakən rayonunun M.Müşfiq adına Gərəkli kənd tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı” mövzusunda ümumrayon maarifləndirici tədbir keçirilib. Maraqlı çıxışlar və müzakirələrlə yadda qalan tədbirdə uşaqların hüquqlarının müdafiəsi məsələlərinə toxunulub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə uşaqların zərərli təsirlərdən qorunması, onların hüquq və azadlıqları, o cümlədən bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüquqları barədə məlumatlılığın artırılması məqsədilə təşkil olunan tədbirdə uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının müddəaları barədə ətraflı məlumat verilib.Eyni zamanda, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqazidd əməllərə qarşı aparılan mübarizədən danışılıb, şagirdlərə hüquqlarının pozulması halları ilə üzləşdikdə atmalı olduqları addımlar və müdafiə yolları izah edilib.Tədbirdə çıxış edənlər narkotik vasitələrin insan orqanizminə mənfi təsirlərindən, onların gələcəkdə sağlamlıq üçün yarada biləcəyi ağır fəsadlardan bəhs edib, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Bildirilib ki, narkotik maddələrin qəbulu insanın fiziki və psixoloji sağlamlığına ciddi zərər vurmaqla yanaşı, onun mənəvi dünyasına da mənfi təsir göstərir.İnteraktiv formatda təşkil olunan tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.