Səfirlik: Rusiyanın Birləşmiş Krallığa hücum etmək planı yoxdur

Qərb siyasətçiləri və jurnalistlərinin Rusiyanın Avropadakı hibrid hücumlarda iştirakı ilə bağlı iddiaları uydurmadır. Rusiyanın Birləşmiş Krallığa hücum etmək planı və ya niyyəti yoxdur.

Bu barədə Rusiyanın Londondakı səfirliyi "The Daily Telegraph" qəzetindəki xəbəri şərh edərkən bildirib.

Rusiya diplomatik missiyasının Telegram kanalında yerləşdirilən mesajda deyilir : "Rusiyanın Böyük Britaniyaya hücum etmək üçün heç bir niyyəti, planı və ya səbəbi yoxdur. Bəlkə də, qeyri-real ssenarilərlə müharibə oyunlarına girməkdənsə, bu barədə diqqətlə düşünmək daha ağıllı olar".

Daha əvvəl "The Daily Telegraph" qəzeti Rusiyaya qarşı bir sıra ittihamları özündə əks etdirən məqalə dərc etmişdi.