Azərbaycanın Avropa Siyasi Birliyi ilə əməkdaşlığı qısa bir dövrü əhatə etsə də, həm birliyin tarixində, həm də Azərbaycanın son illərdəki fəaliyyətində qarşılıqlı təsir baxımından mühüm yer tutur.
Bu fikirləri Oxu24.com-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan aktiv və yaradıcı fəaliyyəti ilə Avropa Siyasi Birliyinə töhfələr verib, eyni zamanda birliyin özü də Azərbaycanın fəaliyyətində mühüm amil kimi çıxış edir. O vurğulayıb ki, əməkdaşlıq qarşılıqlı praktik fayda prinsipi üzərində qurulub. Prezident İlham Əliyevin Dublində keçirilən son Avropa Siyasi Birliyi zirvəsində iştirakı və aparılan görüşlər Azərbaycanın bu çərçivədəki fəaliyyətinin perspektivli olduğunu göstərir.
A.Quliyev qeyd edib ki, Avropa Birliyinin azı 10 ölkəsi ilə Azərbaycanın birbaşa enerji əməkdaşlığı mövcuddur. Birliyin üzvü olmayan, lakin Avropa Siyasi Birliyində təmsil olunan bir sıra ölkələrlə də enerji sahəsində əməkdaşlıq var. Bu baxımdan Azərbaycanın birlikdə böyük gələcəyi olduğunu və ona hələ çox töhfə verə biləcəyini deyə bilərik.
Politoloq bildirib ki, Avropa Siyasi Birliyi enerji, təhlükəsizlik, kiber hücumlarla mübarizə, rəqəmsal inkişaf, demoqrafik amillər, qanunsuz miqrasiya ilə mübarizə kimi Avropanın ciddi problemlərinə dair mühüm siyasi dialoq platformasıdır. Azərbaycanın da bu istiqamətlərdə əhəmiyyətli fəaliyyəti olduğuna görə, əməkdaşlıq düzgün seçilmiş taktikadır.
O əlavə edib ki, Azərbaycanın birliyin üzvlərinə qarşı fərqli iddiaları yoxdur: ölkəmiz Avropanın mövcud təşkilatlarının təkmilləşdirilməsi prinsipinə üstünlük verir, yeni təşkilat və strukturların yaradılması istiqamətində fəaliyyət göstərmir. Azərbaycan birliyə bütün məsələlərin siyasi ambisiyalar olmadan sərbəst müzakirə olunduğu dialoq platforması kimi yanaşır.
A.Quliyev Avropa Siyasi Birliyinin region sülhünün təmin olunmasında da rolu olduğunu bildirib. Onun sözlərinə görə, birliyin ilk sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu rəsmən tanıyıb.
Politoloq Azərbaycanın Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamasını ölkənin strateji tərəfdaşlıq müstəvisində yeni nailiyyəti kimi qiymətləndirib. O bildirib ki, Avropanın 10-a yaxın ölkəsi ilə belə sənədi olan Azərbaycan Böyük Britaniyanı da bu sıraya əlavə edib. Sənəddə müdafiə, təhlükəsizlik, rəqəmsal inkişaf, ticarət, nəqliyyat, enerji və digər sahələri əhatə edən müddəalar var və bu, əməkdaşlığın davamlı olacağını şərtləndirir. Onun sözlərinə görə, Avropa kontinentində ilk və ən böyük iqtisadi, ticarət və investisiya əməkdaşlıqları 1990-cı illərdə məhz Böyük Britaniya ilə başlayıb, yeni sənədin imzalanması isə əməkdaşlıq tarixində yeni səhifə açır.
A.Quliyev Dublin zirvəsində Yunanıstan, Ermənistan, Rumıniya və Çexiya rəhbərliyi, eləcə də Avropa Şurasının prezidenti ilə keçirilən görüşlərin Azərbaycanın Avropa Siyasi Birliyinin tarixində nə qədər mühüm rola malik olduğunu bir daha təsdiqlədiyini qeyd edib.