Gündəlik həyatda milyonlarla insanın istifadə etdiyi dezodorantların tərkibindəki bəzi maddələr sağlamlıqla bağlı narahatlıqlara səbəb olur. Xüsusilə alüminium duzları olan antiperspirantların orqanizmə mümkün təsirləri uzun müddətdir alimlərin diqqət mərkəzindədir.
Xarici mediaya istinadla, mütəxəssislər onun müəyyən xəstəliklərlə mümkün əlaqəsini araşdırılıb.
Süd vəzi xərçəngi riski
Ən çox müzakirə olunan məsələlərdən biri alüminium tərkibli antiperspirantlarla süd vəzi xərçəngi arasında mümkün əlaqədir.
Bəzi araşdırmalarda süd vəzi toxumalarında, o cümlədən xərçəng xəstələrində alüminium izləri aşkarlanıb. Lakin bu fakt həmin maddənin xərçəngə səbəb olduğunu göstərmir.
Mövcud elmi sübutlar antiperspirantlardan istifadənin süd vəzi xərçəngi riskini artırdığını təsdiqləmir. Buna baxmayaraq, mövzu ilə bağlı araşdırmalar davam edir.
Altsheymer xəstəliyi
Alüminiumun sinir sisteminə mümkün təsiri də alimlərin diqqət mərkəzindədir. Bəzi tədqiqatlarda Altsheymer xəstələrinin beyin toxumalarında yüksək alüminium səviyyəsi müəyyən edilib.
Ancaq alimlər alüminium tərkibli antiperspirantlardan istifadənin Altsheymer xəstəliyinə səbəb olduğunu sübut etməyiblər.
Böyrəklərə təsiri
Alüminium əsasən böyrəklər vasitəsilə orqanizmdən xaric edilir. Ağır böyrək çatışmazlığı olan insanlarda alüminiumun yüksək miqdarda toplanması sinir sistemi və sümük toxuması üçün təhlükə yarada bilər.
Lakin sağlam insanlarda antiperspirantlardan adi qaydada istifadənin böyrəklərə zərər verdiyinə dair etibarlı sübut yoxdur. Ağır böyrək xəstəliyi olan şəxslərə isə belə vasitələrdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Allergiya və dəri qıcıqlanması
Antiperspirantların daha çox rast gəlinən mənfi təsirlərindən biri dəridə qıcıqlanmadır.
Xüsusilə həssas dərisi olan insanlarda qaşınma, qızartı və yanma hissi yarana bilər. Bu hallar məhsul təraşdan dərhal sonra istifadə edildikdə daha çox müşahidə oluna bilər.