Təlimdə akkreditasiyanın ictimai əhəmiyyəti, məhsul və xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasında rolu, milli akkreditasiya sisteminin inkişafı və bu sahədə beynəlxalq əməkdaşlıq məsələlərindən bəhs olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda təlim keçirilib.
40-a yaxın media nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru Emin Zeynalov açılış nitqi ilə çıxış edərək akkreditasiyanın keyfiyyət infrastrukturunun inkişafında, məhsul və xidmətlərin təhlükəsizliyinə etimadın möhkəmləndirilməsində, eləcə də sınaq və ölçmə nəticələrinin etibarlılığının təmin edilməsində rolu barədə məlumat verib.
Daha sonra Mərkəzin Keyfiyyət üzrə meneceri Ləman Salmanova təqdimatla çıxış edib. Təqdimat zamanı akkreditasiyanın və uyğunluğun qiymətləndirilməsinin mahiyyəti, akkreditasiyanın üstünlükləri, Azərbaycan Akkreditasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri, akkreditasiya prosesi, beynəlxalq təşkilatlarla əməkdaşlıq, müvafiq sahədə həyata keçirilən fəaliyyət və əldə olunan nəticələr barədə məlumat verilib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.