Merts: “Ukrayna üzrə danışıqlarda Almaniya da iştirak edəcək”

Yaxın həftələrdə Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçiriləcək.

Bunu Almaniya kansleri Fridrix Merts Dublində keçirilən qeyri-rəsmi Avropa İttifaqı sammitində bildirib.

Onun sözlərinə görə, ilk dəfə olaraq Avropa nümayəndələrinin də iştirak edəcəyi məzmunlu sülh danışıqları baş tutacaq.

Merts qeyd edib ki, görüşdə böyük ehtimalla daha əvvəl Əbu-Dabidə ABŞ və Ukrayna nümayəndələri ilə məsləhətləşmələr aparan Avropa ölkələrinin təmsilçiləri iştirak edəcəklər. Kansler Almaniyanın danışıqlarda mütləq təmsil olunacağını vurğulayıb.

Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Görüşdə Avropa ölkələrinin rəsmi nümayəndələri iştirak etməyib.