Cənubi Qafqazda son illər baş verən proseslər bir həqiqəti getdikcə daha aydın göstərir: regionun gələcəyini artıq münaqişə və qarşıdurma deyil, əməkdaşlıq, nəqliyyat bağlantıları və iqtisadi inteqrasiya müəyyən etməlidir. Bu yeni mərhələnin formalaşmasında Azərbaycanın, xüsusilə Prezident İlham Əliyevin siyasi iradəsinin və irəli sürdüyü sülh gündəliyinin həlledici rolu var.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra qarşıya yeni məqsəd qoydu: müharibənin nəticələrini beynəlxalq hüquq əsasında möhkəmləndirmək, regionda davamlı sülhə nail olmaq və Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq platformasına çevirmək. Bakı bu məqsədə yalnız siyasi bəyanatlarla deyil, konkret təkliflər, diplomatik təşəbbüslər və iqtisadi layihələrlə nail olmağa çalışdı. Bu gün artıq həmin gündəliyin ayrı-ayrı elementlərinin reallaşdığını görürük.
Prezident İlham Əliyevin noyabrın 12-də Dublində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də məhz bu prosesin növbəti mühüm mərhələsi oldu. Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilən görüşdə tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitinin nəticələrinə və imzalanmış Birgə Bəyannaməyə əsaslanaraq, sülh gündəliyinin irəlilədilməsini müzakirə etdilər.
Görüşün əhəmiyyəti yalnız iki liderin bir araya gəlməsində deyildi. Müzakirələrin məzmunu göstərdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlər tədricən siyasi razılaşmalar mərhələsindən gündəlik həyatın və iqtisadi əlaqələrin dəyişdirilməsinə yönələn praktiki əməkdaşlıq mərhələsinə keçir. Nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası, etimad quruculuğu, elektrik şəbəkələrinin gələcəkdə birləşdirilməsi və transsərhəd su ehtiyatlarının idarə olunması - bunlar artıq sülhün real məzmununu təşkil edən məsələlərdir.
Sülh gündəliyinin müəllifi Bakı, yeni mərhələnin əsas şərti əməkdaşlıqdır
Azərbaycanın müharibədən sonra irəli sürdüyü sülh təklifləri beynəlxalq hüququn fundamental prinsiplərinə - suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına, dövlətlərin sərhədlərinin toxunulmazlığına, bir-birinə qarşı ərazi iddialarından imtinaya və güc tətbiq etməməyə əsaslanır. Xarici İşlər Nazirliyinin 2022-ci ildə açıqladığı beş prinsipin mahiyyəti də məhz bundan ibarət idi.
Bu prinsiplər üzərində aparılan danışıqlar nəticəsində 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətni paraflandı. Bu, onilliklər ərzində davam edən münaqişənin siyasi-hüquqi müstəvidə başa çatdırılması istiqamətində tarixi addım idi. Bununla belə, paraflanmış mətnin hələ rəsmi imzalanmış və qüvvəyə minmiş saziş olmadığını da nəzərə almaq lazımdır. Sazişin imzalanması və qüvvəyə minməsi üçün nəzərdə tutulan hüquqi prosedurların tamamlanması vacibdir.
Azərbaycanın mövqeyi aydındır: davamlı sülh yalnız qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörmət, ərazi iddialarından imtina və normal qonşuluq münasibətləri əsasında mümkündür. Ermənistanın da bu reallığı qəbul edərək regional inteqrasiya proseslərinə qoşulması onun öz iqtisadi və siyasi gələcəyi baxımından vacibdir. Sülh sazişi bu yolun əsas hüquqi və siyasi təməlidir.
Əslində, Azərbaycan Vətən müharibəsində yaratdığı yeni reallıqla regionun bütün ölkələri, o cümlədən Ermənistan üçün inkişaf imkanları açdı. Uzun illər blokada və qarşıdurma məntiqi ilə yaşayan Ermənistan indi qonşuları ilə ticarət, tranzit, enerji və nəqliyyat əlaqələrinin yaratdığı üstünlükləri görməyə başlayır. Bu, Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin yalnız Bakı üçün deyil, bütün region üçün faydalı olduğunu göstərir.
TRIPP - sülhün iqtisadi dayağı və geriyə dönüşü çətin olan proses
Dublin görüşünün diqqətçəkən istiqamətlərindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsi oldu. Prezident İlham Əliyev və Nikol Paşinyan layihənin dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsi, eləcə də marşrut boyunca tranzit əlaqələrinin perspektivlərini müzakirə etdilər.
TRIPP-in əhəmiyyəti onun yalnız bir nəqliyyat xətti olmasından qat-qat böyükdür. Bu layihə Azərbaycanı Naxçıvanla birləşdirəcək bağlantının yaradılması ilə yanaşı, Cənubi Qafqazda nəqliyyat xəritəsini dəyişmək, Şərqlə Qərb arasında yükdaşımaları sürətləndirmək və regional ticarət imkanlarını genişləndirmək potensialına malikdir. Dəmir yolu və avtomobil yolu infrastrukturunun inkişafı yük daşınmasının vaxtını və xərclərini azaltmağa, marşrutların şaxələndirilməsinə və iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər.
Layihənin icrası Ermənistan üçün də mühüm iqtisadi imkanlar açır. Ölkə regional tranzit sisteminə qoşulmaq, yeni investisiyalar cəlb etmək, infrastrukturunu yeniləmək və qonşularla ticarət əlaqələrini genişləndirmək imkanı əldə edə bilər. Azərbaycan üçün isə Naxçıvanla maneəsiz nəqliyyat bağlantısının təmin olunması və Şərq-Qərb xəttində mövqelərin gücləndirilməsi strateji əhəmiyyət daşıyır.
TRIPP-in artıq hüquqi və təşkilati müstəvidə irəliləməsi də diqqətəlayiqdir. Ermənistan parlamenti layihənin icrası üçün zəruri qanunvericilik dəyişikliklərini həyata keçirib.
Layihənin 2027-ci ilin əvvəlində tikinti mərhələsinə keçməsi başlanacağı barədə anons TRIPP-in siyasi müzakirə mövzusu olmaqdan çıxaraq praktiki icra mərhələsinə yaxınlaşdığını göstərir.
TRIPP-in geriyə dönüşü çətin olan prosesə çevrilməsinin əsas səbəbi onun arxasında təkcə siyasi razılaşmaların deyil, həm də iqtisadi maraqların dayanmasıdır. Bu marşrutdan Azərbaycan və Ermənistanla yanaşı, Türkiyə, Mərkəzi Asiya ölkələri, eləcə də Avropa və Asiya bazarları faydalana bilər. Yükdaşımaların daha qısa, təhlükəsiz və səmərəli marşrutlarla həyata keçirilməsi regionun rəqabətqabiliyyətliliyini artıracaq.
105 min ton yük və transsərhəd çaylar: sülh artıq praktik nəticə verir
Dublin görüşünün ən mühüm məqamlarından biri Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin müsbət qiymətləndirilməsi oldu. Rəsmi məlumata görə, ötən ilin noyabrından indiyədək Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Bu rəqəm sülh gündəliyinin artıq iqtisadi müstəvidə konkret nəticələr yaratdığını göstərir. Azərbaycan bu prosesdə öz ərazisindən tranzitə şərait yaratmaqla sülhün iqtisadi məzmun qazanmasına töhfə verir.
Daha bir mühüm yenilik transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasıdır. İlk baxışda texniki və ekoloji məsələ kimi görünən bu istiqamət əslində regional təhlükəsizliyin mühüm tərkib hissəsidir. Çayların su ehtiyatlarının qorunması, suyun bölüşdürülməsi, çirklənmənin qarşısının alınması və ekoloji risklərin idarə edilməsi bir ölkənin sərhədləri daxilində həll edilə bilməyən məsələlərdir.
Azərbaycan və Ermənistan arasında transsərhəd su əməkdaşlığı üzrə işçi qrupların yaradılmasının alqışlanması tərəflərin daha mürəkkəb məsələləri də dialoq yolu ilə müzakirə etməyə hazır olduğunu göstərir.
Türkiyə-Ermənistan münasibətləri də Bakı ilə formalaşan regional gündəlikdən kənarda deyil
Regional proseslərin digər mühüm istiqaməti Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasıdır. Noyabrın 11-də COP31 çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması müzakirə olunub.
Türkiyənin mövqeyi də bu prosesdə Azərbaycan-Ermənistan münasibətlərinin həlledici əhəmiyyətini ortaya qoyur. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Ankara Ermənistanla quru sərhədinin və dəmir yolu bağlantısının bərpası üçün hazırlıqları tamamlayıb, lakin sərhədin açılması Ermənistanla Azərbaycan arasında hərtərəfli razılaşmanın əldə olunmasını gözləyir. Türkiyə tərəfinin bu açıqlaması Ankara ilə Bakının regional məsələlərdə koordinasiyasının əhəmiyyətini bir daha göstərir.
Beləliklə, Ermənistan-Türkiyə normallaşması da Azərbaycan-Ermənistan sülh prosesindən ayrı deyil. Bu, regionda bir-birini tamamlayan siyasi və iqtisadi proseslərin formalaşdığını göstərir.
Türkiyə ilə Ermənistan arasında sərhədin açılması, dəmir yolu bağlantısının bərpası və ticarət əlaqələrinin genişlənməsi Cənubi Qafqazın iqtisadi potensialını artıracaq. Lakin bu prosesin davamlı olması üçün Azərbaycanın təhlükəsizlik maraqlarının nəzərə alınması və Bakı ilə koordinasiyanın qorunması vacibdir.
Azərbaycanın regional konsepsiyası: kənar asılılıq deyil, öz gücünə əməkdaşlıq
Bu gün Yaxın Şərqdə davam edən siyasi və hərbi qarşıdurmalar, qeyri-sabitlik və iqtisadi risklər fonunda Cənubi Qafqaz və Mərkəzi Asiyanın sabitlik və bağlantı məkanına çevrilməsi üçün tarixi imkan yaranıb. Zəngin təbii resursları, enerji potensialı, nəqliyyat imkanları və əlverişli coğrafi mövqeyi ilə Mərkəzi Asiya dünyanın aparıcı güc mərkəzlərinin diqqətini cəlb edir. Çin, Rusiya, ABŞ və Avropa İttifaqı bu regionla iqtisadi və siyasi əlaqələrini genişləndirməyə çalışır.
Bu geosiyasi mənzərədə Azərbaycan Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas bağlantı ölkələrindən biridir. Xəzər dənizi üzərindən keçən marşrutlar, Orta Dəhliz, liman və dəmir yolu infrastrukturu, enerji və logistika imkanları Azərbaycanın rolunu əvəzolunmaz edir. Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında Azərbaycanın iştirakı olmadan genişmiqyaslı və dayanıqlı bağlantı sistemini təsəvvür etmək çətindir.
Prezident İlham Əliyevin liderliyi ilə formalaşan regional yanaşmanın əsas mahiyyəti də budur: Cənubi Qafqazın üç dövləti - Azərbaycan, Gürcüstan və Ermənistan öz problemlərinin həllində, təhlükəsizliyin təmin olunmasında və iqtisadi əməkdaşlığın qurulmasında ilk növbədə öz iradəsinə və regional dialoqa söykənməlidir. Kənar güclərin maraqları region ölkələrinin münasibətlərini müəyyən edən yeganə amilə çevrilməməlidir. Əksinə, üç ölkənin qarşılıqlı fayda əsasında əməkdaşlığı, bir-birinin suverenliyinə hörməti və ortaq iqtisadi maraqları Cənubi Qafqazın sabitliyinin əsasını təşkil etməlidir.
Bu, xarici tərəfdaşlarla əməkdaşlıqdan imtina demək deyil. ABŞ-ın TRIPP layihəsində iştirakı, Avropa İttifaqının regional bağlantılara marağı və Türkiyənin normallaşma prosesinə dəstəyi göstərir ki, Cənubi Qafqazın yeni iqtisadi arxitekturası beynəlxalq tərəfdaşlıq üçün də geniş imkanlar yaradır. Lakin regional qərarların əsas sahibi region ölkələrinin özü olmalıdır.
Son günlərdə COP31 və Dublin sammiti çərçivəsində baş verən hadisələr bu reallığı bir daha nümayiş etdirdi. Azərbaycan həm Ermənistanla sülh gündəliyinin irəlilədilməsində, həm Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında, həm də Şərqlə Qərb arasında nəqliyyat və iqtisadi bağlantıların inkişafında əsas aktorlardan biri kimi çıxış edir.
Bütün bunların mərkəzində Prezident İlham Əliyevin irəli sürdüyü siyasi xətt dayanır. Azərbaycan hərbi Zəfərdən sonra sülh təşəbbüsünü ortaya qoydu, regional kommunikasiyaların açılmasını təklif etdi, iqtisadi əməkdaşlıq imkanlarını gündəmə gətirdi və bu gün həmin təşəbbüslərin praktiki nəticələrini görürük.
Cənubi Qafqazın gələcəyi artıq yalnız keçmiş münaqişələrin prizmasından qiymətləndirilə bilməz. Regionun qarşısında yeni nəqliyyat yolları, ticarət imkanları, enerji əməkdaşlığı və ortaq təhlükəsizlik sistemi qurmaq perspektivi var. Azərbaycan bu prosesdə sadəcə iştirakçı deyil, onun istiqamətini müəyyənləşdirən əsas regional gücdür. Sülhün təşəbbüskarı olan Bakı indi həmin sülhü iqtisadi rifaha, regional inteqrasiyaya və uzunmüddətli sabitliyə çevirmək mərhələsinə keçib.