Hörmətli cənab Prezident!

Uzun illər ərzində “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində göstərdiyim əməyin yüksək qiymətləndirilməsi və “Tərəqqi” medalı ilə təltif olunmağım məni sonsuz dərəcədə qürurlandırdı. Bu yüksək dövlət mükafatına layiq görülməyimi əməyimə və fəaliyyətimə göstərilən diqqət və etimadın təzahürü kimi qəbul edirəm.

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasının ictimai, mədəni və informasiya həyatında da mühüm yeniliklərə yol açmışdır. Naxçıvan Televiziyasının peyk yayımına qoşulması verilişlərimizin daha geniş auditoriyaya çatdırılmasına imkan yaratmış, televiziya tariximizdə əlamətdar hadisələrdən biri olmuşdur. Bütün bunlar kütləvi informasiya vasitələrinin əməkdaşları üçün yaradılan imkanların və əldə olunan nailiyyətlərin bariz nümunəsidir.

Mənə göstərdiyiniz yüksək diqqət və verdiyiniz dəyərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu etimad bundan sonrakı fəaliyyətimdə üzərimə böyük məsuliyyət qoyur, məni daha böyük həvəslə və əzmlə çalışmağa ruhlandırır.

Sizə möhkəm cansağlığı, xalqımızın rifahı və ölkəmizin inkişafı naminə həyata keçirdiyiniz məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Allahverdiyeva Lalə Abbas qızı

Naxçıvan Televiziyasının əməkdaşı

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.