Astronomlar Yerin daha bir müvəqqəti peyk qazandığını açıqlayıblar. 2026 QQ8 adlandırılan asteroidin bir müddət planetimizin cazibə qüvvəsinin təsiri altında orbitdə hərəkət edəcəyi bildirilib.
Asteroid ilk dəfə avqust ayında macar astronom Kriştian Şarneçki tərəfindən müşahidə edilib. Lakin onun mövcudluğu Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planetlər Mərkəzi tərəfindən yalnız ötən ay rəsmən qeydə alınıb.
Təxminən 1-2 metr diametrində olan asteroid Yerdən 500 min kilometrdən çox məsafədə yerləşir. Bu isə onun Aydan da uzaqda olduğu deməkdir. Astronomların fikrincə, 2026 QQ8 apreldə Yerin cazibə qüvvəsinin təsirinə düşüb və qarşıdakı bir neçə ay ərzində bu təsirdən çıxaraq yenidən kosmosa doğru hərəkət edəcək.
Astronom Cenifer Millardın sözlərinə görə, asteroidin indiki orbitinə əsasən, onun təxminən daha 60 il bu vəziyyətdə qalacağı ehtimal edilir. Mütəxəssislər bu göy cisimlərinin Yer üçün təhlükə yaratmadığını bildirirlər. Onlar planetimizə təhlükəli dərəcədə yaxınlaşmırlar və hətta ən yaxın məsafədə belə Aydan bir neçə dəfə uzaqda olurlar.
O cümlədən, astronomik müşahidələr nəticəsində Yupiter, Venera, Saturn, Neptun və Pluton ətrafında da yarımpeyklər aşkar edilib.