2026-cı ilin ilk 10 ayında Azərbaycanda illik inflyasiya 5,6 faiz olub. Bu dövrdə qida məhsulları 6,8 faiz, qeyri-qida malları 3,7 faiz, pullu xidmətlər isə 5,4 faiz bahalaşıb. Rəqəmlər göstərir ki, ərzaq məhsullarında qiymət artımı digər sahələrlə müqayisədə daha yüksək olub. Qida məhsullarının daha sürətlə bahalaşması əhalinin gündəlik xərclərinə də təsir göstərir. Xüsusilə ailə büdcəsinin böyük hissəsinin ərzağa sərf olunması fonunda qiymət artımının səbəbləri diqqət çəkir.
Bəs Azərbaycanda ərzaq məhsulları niyə digər mal və xidmətlərə nisbətən daha sürətlə bahalaşır? Əhalinin istehlak xərclərinin böyük hissəsinin ərzağa yönəlməsi qiymət artımını daha da sürətləndirirmi?
İqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, ərzaq məhsullarının sürətlə bahalaşmasının əsas səbəblərindən biri ölkənin idxaldan asılı olmasıdır:
“Azərbaycan ümumilikdə ərzaq məhsullarının təxminən 70 faizini xaricdən alır. Son zamanlar xaricdə qiymət artımları sürətlənib. Buna enerji daşıyıcılarının, nəqliyyat və logistika xərclərinin bahalaşması təsir edir. Bu isə bir daha onu sübut edir ki, biz ərzaqla özümüzü təminetmə baxımından hələ də çox aşağı göstəricilərə sahibik. Həmin göstəriciləri artırmaq lazımdır. Yerli istehsal artmalıdır ki, qiymətlər xarici konyunkturadan bu qədər asılı olmasın”.
İqtisadçı qeyd edib ki, əhalinin xərclərinin böyük hissəsini ərzağa sərf etməsi yalnız qiymətlərin yüksək olması ilə bağlı deyil:
“Əhalinin ay ərzində və ya il ərzində xərclədiyi vəsaitin təxminən yarısını ərzağa sərf etməsinin səbəbi təkcə qiymətlərin yüksək olması deyil, həm də gəlirlərin aşağı olmasıdır. Yəni gəlirlər yüksək olmadığına görə xərclərimizin böyük bir hissəsini - təxminən 50 faizini ərzağa sərf edirik. Bu isə heç də yaxşı göstərici deyil”.