Avropa Siyasi Birliyinin Dublin sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun genişlənməsi, beynəlxalq mövqeyinin möhkəmlənməsi və regionda sülh prosesinin irəliləməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sammit çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər, xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanla təması diqqət çəkib.
Publika.az mövzu ilə bağlı politoloq Elxan Şahinoğlunun fikirlərini öyrəndi.
Politoloq bildirdi ki, Azərbaycan Avropa İttifaqı və quruma üzv ölkələrlə əməkdaşlığını ildən-ilə genişləndirir. Onun sözlərinə görə, ölkəmiz artıq bir neçə ildir Avropa Siyasi Birliyinin sammitlərinə dəvət olunur və Prezident İlham Əliyev bu platformada həm ikitərəfli görüşlər keçirir, həm də müxtəlif toplantılarda çıxışlar edir.
Şahinoğlu Dublində Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirilən görüşə də toxundu. Qeyd etdi ki, müharibənin davam etməsinə baxmayaraq, Azərbaycan Ukraynaya humanitar yardımlarını davam etdirir, ukraynalı uşaqların ölkəmizdə reabilitasiyasına dəstək verir və enerji sahəsində kömək göstərir. Politoloqun fikrincə, müharibə başa çatdıqdan sonra Azərbaycanın Ukraynaya dəstəyi daha da genişlənəcək.
“Zelenski bir daha fürsətdən istifadə edərək Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirdi”, - deyə o vurğuladı.
Politoloq digər ikitərəfli görüşlərdə enerji əməkdaşlığının əsas müzakirə mövzularından biri olduğunu bildirdi. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın alternativ enerji mənbələrinə və neft-qaz resurslarına tələbatı artıb. Azərbaycan isə bu tələbatın ödənilməsinə töhfə verir.
Şahinoğlu qeyd etdi ki, Prezident İlham Əliyev həm ikitərəfli görüşlərdə, həm də müxtəlif toplantılarda Azərbaycanın Avropaya daha çox qaz nəql etməyə hazır olduğunu bəyan edib. Lakin bunun üçün mövcud ötürücülük imkanlarının artırılması və əlavə investisiyaların yatırılması zəruridir.
Politoloq Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün də xüsusi əhəmiyyət daşıdığını dedi. Onun fikrincə, iki ölkə liderinin mütəmadi təmasları regionda sülh və sabitliyin təmin olunmasına xidmət edir. Bu görüşlərdə əsasən üç mühüm məsələ - sülh sazişinin imzalanması perspektivi, Zəngəzur dəhlizinin tikintisinin başa çatdırılması və sərhədlərin müəyyənləşdirilməsi müzakirə olunur.
Politoloq hesab edir ki, Ermənistan qarşısına qoyulan öhdəliklərin yerinə yetirilməsi üçün konkret addımlar atmalıdır. İlk növbədə, sülh sazişinin imzalanmasına imkan yaradılması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilməlidir. Eyni zamanda, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42-43 kilometrlik hissənin tikintisinə başlamalıdır: "Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan da üzərinə düşən addımları atmalıdır".
Elxan Şahinoğlu əlavə etdi ki, Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında bütün bu məsələlər ətrafında dialoq getdikcə genişlənir.
O, Azərbaycanın Avropa Siyasi Birliyinə marağını artıran amillərə də toxundu. Bildirdi ki, onlarda biri də 2028-ci ildə qurumun növbəti sammitinin ölkəmizdə keçirilməsidir.
Politoloq hesab edir ki, bu, Azərbaycanın Avropa İttifaqı ilə bütün istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirmək niyyətinin göstəricisidir.