Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinin dayandırılması ilə bağlı növbəti sülh danışıqlarında Avropa nümayəndələrinin iştirakına razılıq verib. Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.
Uitkoff Putinin Moskvada ABŞ nümayəndə heyəti ilə keçirdiyi görüşdən sonra Avropa ölkələrinin növbəti danışıqlara qoşulacağını bildirib.
ABŞ nümayəndəsi Cared Kuşner də Avropanın danışıqlarda iştirakının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müzakirələrdə Ukrayna ilə Rusiya arasındakı ərazi məsələləri ilə yanaşı, müharibədən sonrakı Avropa təhlükəsizlik sistemi də nəzərdən keçirilə bilər.
Putin isə Avropa İttifaqı ilə dialoqa heç vaxt qarşı olmadıqlarını bildirib. Bununla belə, Rusiya lideri Avropa ölkələrinin Ukraynada mümkün sülh razılaşmasından sonra Qərb hərbi qüvvələrinin yerləşdirilməsi ideyasına etiraz edib. O, belə bir addımın Rusiyanın təhlükəsizliyinə təhdid yaradacağını və müharibənin yenidən başlamasına səbəb ola biləcəyini söyləyib.
Kremlin köməkçisi Yuri Uşakov isə Avropanın növbəti danışıqlarda iştirakını hələlik təsdiqləməyib. O, Avropa ölkələrinin indiki mövqeyinin müharibənin uzanmasına şərait yaratdığını iddia edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa nümayəndələrinin danışıqlara qoşulması ehtimalını müsbət qarşılayıb. O, müzakirələrdə atəşkəs və hərbi gərginliyin azaldılması məsələlərinin də gündəmə gətirilməsinə ümid etdiyini bildirib.
Qeyd edək ki, bu həftə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. Doqquz aylıq fasilədən sonra baş tutan görüşlərdə müəyyən irəliləyiş əldə olunsa da, ərazi məsələləri ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır.