Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin çox yaxşı və isti olduğunu bildirib.
Kavelaşvili bunu Antalyada Anadolu Agentliyinə müsahibəsində deyib.
"Rəcəb Tayyib Ərdoğanı ən qədim dostum adlandırıram. Bizim çox yaxşı və isti münasibətlərimiz var. Bu, iki ölkə arasında mövcud olan münasibətlərdən irəli gəlir", - deyə Kavelaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Türkiyəni müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlıq birləşdirir.
Kavelaşvili qeyd edib ki, iki ölkə milli maraqların, sabitliyin, sülhün, dəyərlərin və ənənələrin qorunmasını, qarşılıqlı etimad və hörmətə əsaslanan siyasəti vacib hesab edir.
Gürcüstan Prezidenti beynəlxalq vəziyyət fonunda Ankara ilə tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.