Hansı inflyasiya səviyyəsi məqbuldur? - Ekspert RƏYİ

Azərbaycanda bu il və növbəti 3 il ərzində illik inflyasiyanın 5-6 faiz intervalında olacağı gözlənilir. İnflilyasiyaya daxili və xarici olmaqla müxtəlif amillərin təsir edəcəyi bildirilir.

Bəs inflyasiyanın 5-6 faiz intervalında olması yüksək göstərici hesab oluna bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova Sfera.az-a açıqlama verərkən bildirib ki, inflyasiyanın 5-6 faiz səviyyəsində olması orta statistik göstərici hesab edilsə də, bu qiymət artımının vətəndaşlar üçün hiss olunmayacağı anlamına gəlmir.

Onun sözlərinə görə, inflyasiyanın 7-8 faizə, xüsusilə də 10 faiz və daha yüksək səviyyələrə çatması iqtisadiyyat üçün ciddi risklər yarada bilər:

“Amma ümumi inflyasiya göstəricisi bütün məhsulların eyni faizlə bahalaşdığını göstərmir. Belə ki, ərzaq məhsulları üzrə qiymət artımı bəzi hallarda ümumi inflyasiyanı üstələyir və 6,9-7,2 faizədək yüksələ bilir. Əhali üçün isə əsas problem inflyasiyanın səviyyəsi ilə yanaşı, gəlirlərin bu artıma uyğunlaşıb uyğunlaşmamasıdır. İnflyasiyanın 5-6 faiz olması orta göstərici sayılsa da, bu, onun aşağı səviyyədə olduğu demək deyil. Daha məqsədəuyğun olan qiymət artımının 3-4 faiz intervalında saxlanılmasıdır”.

İqtisadçı Azərbaycanın valyuta sabitliyinə də diqqət çəkib. Bildirib ki, ölkədə uzun müddətdir sabit məzənnə siyasəti həyata keçirilir, dövlət büdcəsinin gəlir və xərclərinin planlaşdırılmasında, eləcə də inflyasiya gözləntilərinin müəyyənləşdirilməsində neft gəlirləri mühüm rol oynayır:

“Qarşıdakı dövrdə neftin qiymətində yüksəliş davam edərsə, müvafiq iqtisadi tənzimləmə mexanizmləri vasitəsilə inflyasiyanın 3,7-4,5 faiz intervalına endirilməsi də mümkün olacaq. Lakin süni qiymət artımlarının və ayrı-ayrı sahibkarların qiymət siyasətinin ümumi inflyasiya göstəricisindən fərqli mənzərə yarada biləcəyi ehtimalı var”.