İrəvanda yerləşən Göy məsciddə keçirilən tədbir zamanı məscidin iclas və mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi və həmin məkanda onun büstünün qoyulmasının planlaşdırıldığı elan edilib. Tədbir çərçivəsində erməni bəstəkarı Loris Çknavoryan da mükafatlandırılıb.
Qədim Azərbaycan məscidində bu cür addımların atılması hansı məqsədə xidmət edir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, baş vermiş bu hadisə, ilk növbədə, Ermənistan-Azərbaycan arasında davam edən sülh prosesinə uyğun deyil və bu prosesə vurulmuş zərbədir:
"Şübhəsiz ki, kənar təsirlərin də burada rolu var. Xüsusilə Rusiya və İran tərəfindən idarə olunan müxtəlif dairələrin bu məsələdə rolunu istisna etmək olmaz. Son dövrlərdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı gedən proseslər, eks-prezidentlərin həbs olunması və Rusiyanın idarə etdiyi bu müxalifət dairələrinin müəyyən məhrumiyyətlərlə üzləşməsi Azərbaycan-Ermənistan münasibətlərini müxtəlif istiqamətlərdə gərginləşdirməyə yönəlib. Xüsusilə İranın Zəngəzur dəhlizinə qarşı çıxması, eləcə də İran səfirliyinin nümayəndəsinin və vitse-prezidentin məscidin açılışında iştirak etməsi Göy məscidə erməni adının verilməsində İranın rolunu da istisna etmir. Bu, həmin məsələdə İranın iştirakına dair ciddi suallar yaradır".
Onun sözlərinə görə, bu, İslam dininə qarşı hörmətsizlik, bütün müsəlmanlara təhqirdir:
"Sanki müsəlmanların adını həmin bölməyə vermək üçün heç bir tarixi şəxsiyyəti olmayıb. Halbuki İrəvanda çoxsaylı böyük alimlər, din xadimləri yetişib. Ermənilər də bunu çox yaxşı bilirlər. Həmin şəxslər elə o məsciddə fəaliyyət göstəriblər. Məscidin ayrı-ayrı bölmələrinə onların adlarını vermək mümkün olduğu halda, başqa bir addım atılıb. İran səfirliyinin və vitse-prezidentinin bu prosesdə xüsusi iştirak etməsi belə bir qənaətə gəlməyə əsas verir ki, məsələdə təhrikçi tərəf İrandır. Şübhəsiz ki, vaxtilə ikinci revanş cəhdlərinə dəstək verən Rusiyanın rolunu da istisna etmək olmaz.
Bütün bunlarla yanaşı, bu, yolverilməz hadisədir və mütləq qarşısı alınmalıdır. Ermənistan hökuməti bilməlidir ki, bu kimi iddialar və addımlar sülh prosesinə mane olacaq. Ermənistan son dövrlərdə əsassız iddialarından imtina etdiyini bəyan edir, hətta Konstitusiyaya dəyişiklik etməyi nəzərdə tuturdu. Lakin baş verən bu hadisə göstərdi ki, Ermənistan hakimiyyəti hələ də öz köhnə erməni xislətindən əl çəkməyib. Yenə də kənar təsirlərə uyur və öz mahiyyətini nümayiş etdirir. Şübhəsiz ki, bu, davam edən sülh prosesində, vətəndaş cəmiyyətlərinin yaxınlaşmasında, sosial münasibətlərin qurulmasında, eləcə də gələcəkdə sülh müqaviləsi imzalandıqdan sonrakı əlaqələrdə mənfi nəticələrə səbəb olacaq".
Müsahibimiz əlavə etdi ki, Göy məscidə qarşı bu hörmətsiz hərəkət həm beynəlxalq hüquq, həm dinlərin prinsipləri, həm də qanunvericilik baxımından yolverilməzdir:
"Dini baxımdan bu, ona görə qəbuledilməzdir ki, bütün dinlərin əsas prinsiplərində digər dinlərin ibadət evlərinə hörmətlə yanaşılması, onların təhqir edilməməsi və mənimsənilməməsi öz əksini tapır. Azərbaycanda da bu prinsipə əməl olunur. Bakıda erməni kilsəsi var və hətta kitabxana kimi fəaliyyətini davam etdirir. Heç vaxt həmin kilsənin hər hansı bölməsinə, məsələn, Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının və ya başqa bir azərbaycanlı şəxsiyyətin adı verilməsi ilə bağlı iddia irəli sürülməyib. Çünki bura ermənilərə məxsus kilsədir və biz onu qoruyub saxlayırıq. Ancaq ermənilərin Azərbaycan məscidini bilərəkdən təhrif etməsi başqa məsələdir. Tarix də sübut edir ki, İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri olub, orada bizim xanlarımız fəaliyyət göstərib və İrəvan Azərbaycanın tarixi ərazilərindən biridir. Belə bir abidənin bilərəkdən təhrif edilməsi, əslində, sülh prosesinə mane olmaq deməkdir".
İlahiyyatçı hesab edir ki, Ermənistan hakimiyyəti dərhal bu addımdan imtina etməli və geri çəkilməlidir:
"Eyni zamanda, İranda, eləcə də Qərbi Azərbaycanda müsəlmanlara məxsus abidələrin Azərbaycan xalqına, türk millətinə aid dini və mədəni irs nümunələri kimi tanınmasına mane olan farslaşdırma siyasətinə, onların İran irsi kimi təqdim edilməsinə son qoyulmalıdır. Bu, sülh prosesinə xələl gətirəcək. Eyni zamanda, hesab edirəm ki, Ermənistana qarşı səsləndirilən bəyanatlar İranla bağlı da verilməlidir. İran da bu məsələdəki mövqeyinə yenidən baxmalıdır. Çünki İran rəsmilərinin dövlət səviyyəsində həmin tədbirdə iştirakı məscidin sanki İran irsi kimi təqdim olunmasına şərait yaradır. İran da bunu nəzərə almalıdır. Əks halda, biz də Ərdəbildə, Təbrizdə, Qəzvində, Urmiyada və digər yerlərdə yerləşən tarixi abidələrin ayrı-ayrı bölmələrinə Azərbaycanın tarixi şəxsiyyətlərinin adlarının verilməsi ilə bağlı iddialar irəli sürə bilərik. Məsələn, həmin abidələrin hansısa bölməsinə Mirzə Müşfiqin, Hüseyn Cavidin və ya Əhməd Cavadın adının verilməsini tələb edə bilərik. Aydındır ki, bu, düzgün yanaşma deyil. Hər halda, Ermənistanın da bu məsələdən geri çəkilməsi vacibdir".
T.İrfan nəzərə çatdırdı ki, vaxtilə ermənilər alman kilsələrini erməni kilsəsi kimi təqdim edib, onlara zərər vurub, dağıdıb və viran qoyublar.
"İndi isə bunun davamı olaraq İrandakı bizə məxsus tarixi məscidlərdən birini də farslaşdırmağa çalışırlar. Bu, hər baxımdan qanunsuz və dini cəhətdən yolverilməz hərəkətdir.
Şübhəsiz ki, İslam dini tolerant dindir. Azərbaycan xalqı da digər dinlərə və onların mənsublarına hörmətlə yanaşır. Biz ermənilərə və onların dininə də hörmətlə yanaşa bilərik. Təbii ki, qarşı tərəf də bizə eyni hörmət və tolerantlıqla yanaşmalıdır. Erməni yazıçısının və ya şairinin adının hansısa kilsəyə, yaxud onun bölməsinə verilməsi daha məqbul olardı. Digər tərəfdən, bu, İslam aləmində ənənəvi yanaşma deyil. Müsəlman məscidinin hansısa bölməsinə başqa dinin nümayəndəsinin, xristianın və ya bütpərəstin adının verilməsi, onun büstünün qoyulması İslam ənənələrinə uyğun deyil. Ümumiyyətlə, İslam dinində büst və heykəllər tarixən bütpərəstliklə əlaqələndirilib. Məscidlərdə heç vaxt büstlər yerləşdirilməyib, xüsusilə də qeyri-müsəlman şəxsiyyətlərin adları ibadət məkanlarına verilməyib. Bu məsələlər nəzərə alınmalıdır. İran və Ermənistan birlikdə qeyri-adi və İslam ənənələrinə zidd olan bir presedent yaratmağa çalışırlar. Halbuki İran, əksinə, buna qarşı çıxmalı idi. Çünki İslamda büstlərin yerləşdirilməsi günah hesab olunur.
İkinci bir məsələ isə məscidin Azərbaycan məscidi olmasıdır. Məscidi qəsb etmək şəriət baxımından haramdır. Əgər İran həmin məscidi özününkü hesab edirsə və orada ibadət edirsə, lakin onun bu mülkiyyətə dair qanuni və dini əsası yoxdursa, belə ibadətlərin də dini legitimliyi şübhə altına düşür. İslam şəriətinə görə, ibadət məkanı halal yolla əldə olunmalıdır. Məscid Allahın evidir, onu qəsb etmək, mənimsəmək və özününküləşdirmək olmaz. Bütün bu proseslər Azərbaycanın dini qurumları tərəfindən izlənilməli və müvafiq addımlar atılmalıdır. İrəvan qazımız var, Qərbi Azərbaycan bölgəsinin dini məsələləri ilə məşğul olan din xadimimiz mövcuddur. O, hazırda Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini kimi fəaliyyət göstərir. Bu kimi məsələlər müvafiq dini qurumlarla razılaşdırılaraq həll edilməlidir. İran isə bu prosesə müdaxilədən əl çəkməlidir. Bunun üçün Ermənistan hökumətinə təzyiq göstərilməli, rəsmi nota verilməlidir. Ermənistan ərazisində Səlcuqlular dövrünə aid türk abidələri və məscidlər mövcud olub. Onların bir çoxu dağıdılsa da, bəzi türbələr günümüzədək gəlib çatıb. Belə olan halda, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər də Ermənistanın hansısa tarixi abidəsinə iddia irəli sürərək oraya öz tarixi şəxsiyyətlərinin adının verilməsini tələb edə bilərlər. Məsələn, Çingiz Aytmatovun adının hansısa abidəyə verilməsini istəyə bilərlər. Göründüyü kimi, bu cür yanaşma ziddiyyətlidir və qəbuledilməzdir", - deyə müsahibimiz əlavə etdi.
O hesab edir ki, burada müəyyən təxribat var və təəssüf ki, bu təxribatın arxasında İran dayanır:
"Ona görə də məsələnin diplomatik yollarla həllinə nail olunmalı, problem köklü şəkildə aradan qaldırılmalıdır. Bu hadisə bizim üçün bir növ mesaj olmalıdır. Çünki Ermənistan ərazisindəki müsəlman abidələrinin, qəbirdaşlarının, məzarların və pirlərin hamısı Azərbaycan xalqının tarixi-mədəni irsinin bir hissəsidir. Həmin torpaqlar heç də uzaq olmayan tarixdə Azərbaycanın tərkib hissəsi, onun əyaləti və xanlığı olub. Bu tarixi reallıq bütün dünyaya bir daha bəyan edilməlidir. Necə ki, biz erməni kilsəsini qoruyub saxlayır, digər dini abidələrə də hörmətlə yanaşırıq, ermənilər də bizim dini abidələrimizə eyni hörmətlə yanaşmalıdırlar".