“Mütləq həmin şəkli çərçivəyə salıb, evimin divarından asacam”

Meksika mərhələsində 3-cü yeri tutan Kimi Antonelli “Formula-1” üzrə dünya çempionatında 2026 mövsümünün qalibi oldu.

“Kral avtoyarışları”nın ən gənc çempionu, “Mersedes”in pilotu qələbənin ardından jurnalistlərin suallarını cavabladı.

- Kimi, necə gözəl gündü! İndi nə hiss edirsiz?

- İndicə nə baş verdiyini anlamağa çalışıram. Bilirsizmi, lap uşaqlıqdan inadla çalışırsansa, hədəfə can atırsansa və günlərin birində ona çatırsansa, həqiqətən xüsusi hisslər yaşayırsan. Əlbəttə, emosiyalarım sərhəd tanımır. Bu anı ailə, komanda və dostlar ilə bölüşmək, yaşamaq imkanı yaddaşımda əbədi qalacaq. Hədsiz xoşbəxtəm. Komandaya qoşulduğum gündən bəri gördüyüm dəstəyə görə hər kəsə minnətdaram. Bu hisslərin ləzzətini yaşamaq, sonra isə qalan mərhələlərə hazırlaşmaq istəyirəm. Axı mövsüm hələ bitməyib. Mövsümü major notda bitirmək, həmçinin bu uğuru sonrakı inkişaf üçün istinad nöqtəsinə çevirmək istəyirik.

- Lüis Hemiltonla Maks Ferstappen sizi çiyniyə qaldıranda nə hiss etdiz?

- Qeyri-adi hadisədi. Bu il – mövsümün əvvəlində Kanadada da oxşar hadisə baş vermişdi, ancaq budədəfəki hadisə xüsusidi. Mütləq həmin şəkli çərçivəyə salıb, evimin divarından asacam. Hər dəfə evə girəndə həmin şəkli görəcəm. Bu idman növünün tarixinə əbədi düşən iki qeyri-adi pilotdan gördüyüm böyük hörmət yaddaşıma yazıldı.

- Bu mövsümün hansı məqamlarını daha önəmli sayırsız?

- Yalnız bir məqamın üzərində dayanmaq çətindi. Fikrimcə, əsas amil sabitlikdi. Hətta işlər yaxşı getməyəndə də itkiləri minimuma endirməyi, yaxşı nəticəyə nail olmağı bacardıq. Uğurun açarı məhz bundadı. Bundan başqa, hər həftəsonundan ləzzət almaq, onu səbirsizliklə gözləmək, entuziazm ilə qarşılamaq (mən elə bununla məşğul oluram) və sadəcə, hər anı dəyərləndirmək lazımdı. Bu həftəsonu emosional planda çox ağır idi, bununla belə, günün həzzini yaşamağa çalışdım, trassa o hisslə qədəm qoydum ki, məhz bu gün hər şey həll oluna bilər. Komanda ilə birgə hər andan həzz almağa çalışırıq.

- Bu il 9 mərhələdə qalib gəlmisiz. Qələbələrdən hansı daha yaddaqalandı?

- Bunu demək çətindi. Bilirsizmi, belə bir söz var: “Ən yaxşı qələbə hələ irəlidədi”. Ancaq yalnız birini seçmək lazım gəlsəydi, evdəki – İtaliyadakı qələbəni deyərdim. O xüsusi idi. Əlbəttə, bir də ilk qələbə. Spadakı qələbə də xüsusi idi. Axı məhz orda ötən il karyeramdakı ən çətin anı yaşadım. Bu il həmin trassda qələbə qazanmaq qeyri-adi hadisə idi.

- Bu qələbəni necə qeyd edəcəksiz?

- Bilmirəm. Hələ ki heç nə planlaşdırmamışam. Evə qayıdandan sonra nəhəng bir məclis təşkil etməyə vaxt tapacam. Ancaq bu gecə ailəm və dostlarım ilə olacam. Ardından bizi Braziliya mərhələsi gözləyir. Sözsüz, həmin mərhələdən sonra evə qayıdacam.