Berlin, 12 noyabr, AZƏRTAC Almaniyanın metal və elektrotexnika sənayesi işçilərinin həmkarlar ittifaqı təşkilatı (IG Metall) kollektiv əmək müqaviləsi üzrə danışıqlarda razılıq əldə olunmaması ilə əlaqədar yüzlərlə müəssisədə 24 saatlıq xəbərdarlıq tətillərinin keçirilməsinə qərar verib.AZƏRTAC xəbər verir ki, qərar üç raunddan sonra nəticəsiz qalan danışıqlarda işəgötürənlərə təzyiqi artırmaq məqsədi daşıyır. Tətil keçiriləcək müəssisələrin dəqiq siyahısı və tarixlər açıqlanmayıb.IG Metall təxminən 3,7 milyon işçi üçün bir il ərzində əməkhaqlarının 5 faiz artırılmasını, iş yerlərinin və müəssisələrin qorunmasını tələb edir. İşəgötürənlər isə daha uzun müddətə hesablanmış birdəfəlik ödəniş və 1,3 faizlik artım təklif ediblər.Həmkarlar ittifaqının məlumatına görə, ilk xəbərdarlıq tətillərində təxminən 464 min işçi iştirak edib. İşəgötürənlər isə 24 saatlıq tətillərin sənayeyə ciddi iqtisadi zərər vuracağını bildirərək bu addımı qeyri-mütənasib hesab edirlər. Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin