Bakı, 10 noyabr, AZƏRTAC Azərbaycanın Suriyadakı səfirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsmi qəbul keçirilib. Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanda təhsil almış suriyalı məzunlar, dövlət rəsmiləri, Dəməşqdəki xarici diplomatlar, eləcə də yerli ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Müvəqqəti işlər vəkili Elnur Şahhüseynov çıxışında Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edib.Xatırladıb ki, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etməklə, 44 günlük Vətən müharibəsinin taleyini həll edib. O, tarixi Zəfərin Prezident İlham Əliyevin qətiyyətli siyasəti, uzaqgörən rəhbərliyi, dönməz iradəsi və xalqın birliyi sayəsində əldə olunduğunu xüsusi vurğulayıb.E.Şahhüseynov Azərbaycanın Ordusunun təqribən 30 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini icra etdiyini qeyd edib, 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabr 19-da bir sutkadan az bir müddət ərzində həyata keçirilən uğurlu antiterror əməliyyatının nəticələri barədə məlumat verib, antiterror əməliyyatının nəticələrindən birinin də separatçı liderlərin, müharibə cinayətkarlarının, uşaq qatillərinin Azərbaycan məhkəməsi qarşısına çıxarıldığını diqqət çatdırıb. E.Şahhüseynov çıxışında ötən 6 il ərzində azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə və mina təhlükəsinə də toxunub. O, işğalın mahiyyətini, həmçinin Azərbaycan xalqının tarixi qələbəsini tam anlamaq üçün ölkəmizə gələn qonaqların Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə biləcəklərini diqqətə çatdırıb.Sonra Zəfər Gününə dair videoçarx təqdim olunub və qonaqlar üçün ziyafət təşkil edilib.