Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin əsas səhmdarı olduğu “Kristal Bakı” ASC-nin mənfi kapitalı 42 milyon manatı keçsə də, şirkət səhmdarlarına dividend elan edib.
BAKU.NEWS-un əldə etdiyə məlumata görə, 2026-cı ilin ilk yarısının yekununda “Kristal Bakı” ASC-nin yığılmış zərəri 43,1 milyon manata, mənfi kapitalı isə 42,1 milyon manata çatıb.
Müqayisə üçün, 2025-ci ilin sonunda şirkətin yığılmış zərəri 41,2 milyon manat, mənfi kapitalı isə 40,2 milyon manat təşkil edirdi. Beləliklə, cari ilin ilk altı ayında şirkətin mənfi kapitalı daha 1,9 milyon manat artıb.
Maliyyə hesabatına əsasən, “Kristal Bakı” 2026-cı ilin yanvar–iyun aylarında 2,06 milyon manat xalis mənfəət əldə etdiyi halda, səhmdarlarına 4 milyon manat dividend elan edib. Şirkət 2025-ci ildə də 16 milyon manat dividend elan etmişdi. Bununla da son bir il yarım ərzində elan edilmiş dividendlərin ümumi məbləği 20 milyon manata çatıb.
Şirkətin maliyyə vəziyyətində diqqətçəkən digər məqam öhdəliklərinin artmasıdır. Belə ki, 2025-ci ilin sonunda 759,8 milyon manat olan ümumi öhdəliklər 2026-cı il iyunun 30-na 811,2 milyon manata yüksəlib. Bu isə altı ay ərzində 51,4 milyon manat və ya 6,8 faiz artım deməkdir.
Eyni zamanda, şirkətin pul vəsaitləri 3,89 milyon manatdan 2,47 milyon manata qədər azalıb. Hesabat dövründə əməliyyat fəaliyyətindən 36,5 milyon manat məbləğində xalis pul çıxışı qeydə alınıb.
Mənfi kapitalla dividend elan edilməsi qanunvericiliyə uyğundurmu?
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.9-cu maddəsinə əsasən, səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından az olduqda və ya dividendlərin ödənilməsi nəticəsində bu həddən aşağı düşdükdə cəmiyyət dividend elan edə və ödəyə bilməz.
“Kristal Bakı” ASC-nin yarımillik hesabatına görə, şirkətin aktivləri 769,1 milyon manat, öhdəlikləri isə 811,2 milyon manat təşkil edir. Nəticədə aktivlərlə öhdəliklər arasındakı fərq mənfi 42,1 milyon manat olduğu halda, şirkətin nizamnamə kapitalı cəmi 1 milyon manatdır.
Bu göstəricilər fonunda şirkətin 2025-ci ildə 16 milyon manat, 2026-cı ilin ilk yarısında isə 4 milyon manat dividend elan etməsinin hüquqi əsasları sual doğurur.
“Kristal Bakı” ASC kimə məxsusdur?
2020-ci ildə dövlət qeydiyyatına alınmış “Kristal Bakı” ASC əsasən yaşayış binalarının tikintisi sahəsində fəaliyyət göstərir.
Şirkətin əsas səhmdarı Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Ağalar oğlu Vəliyevdir. O, şirkətin səhmlərinin 50 faizinə sahibdir. Digər səhmdarlar Fərid Nəbiyev və Araz Nəbiyevdir. Onların hər birinin şirkətdə 25 faiz payı var.
Nizamnamə kapitalı 1 milyon manat olan şirkətin direktoru İbrahim Dostumalıyevdir.
Pərviz Vəliyev, həmçinin “Crystal Group of Companies” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədridir. Qrupa "Kristal Bakı" ilə yanaşı, "Kristal Abşeron" şirkəti də daxildir.