“Sabah” Norveçdən boynubükük qayıtdı. Halbuki məhz bu oyunla bağlı ümidlərimiz böyük idi. Daha bir qələbə pley-off xəyallarımızın da “dibinə su tökəcəkdi”. Olmadı, heç nə alınmadı, yenə ilk yarıda az-çox normal təsir bağışlayan komandanı sanki fasilədən sonra dəyişdilər, döydülər, əzdilər...
Bu darmadağında baş rolu Eyden Makkarti ilə Akim Zedadka, epizodik rolları isə Timoteuş Puxaç, Rəhman Daşdəmirov və başqaları oynadı. Amma yox, mən Valdas Dambrauskası da unutmamışam. Ən faciəvi "qəhrəman" məhz o idi.
İnamımı bada vermək istəmirəm, bəlkə də litvalı mütəxəssisi bu yersiz “Fənərbaxça” söhbətləri yordu. Həftə boyunca Azərbaycan, Litva, Türkiyə, hətta İtaliya mətbuatında adı bu klubla yanaşı hallandı. Nəticə nə oldu? Heç nə - “Fənər” Əmrə Belözoğlu ilə anlaşdı.
Mənəvi-psixoloji cəhətdən yorğun Dambrauskas isə “Vikinq”lə oyuun axarına heç cür müdaxilə edə bilmədi. Yetərincə təzadlı görünən, sual doğuran start heyəti öz yerində, baş məşqçi 2-ci hissə başlayan kimi hücuma atılan meydan sahiblərini məhz dəyişikliklər hesabına sakitləşdirməli, real dünyaya qaytarmalıydı.
Rəqibin baş məşqçisi Orşeym 66-cı dəqiqəyə qədər üç dəyişikliyə əl atdı, təzyiqi artırdı. Dambrauskas isə şaxtalı Stavanger gecəsində sanki donmuşdu. 70-ci dəqiqədə “donu açıldı”, meydana üç yeni oyunçu buraxdı, ancaq bu da işə yaramadı. 79-cu dəqiqədə Rəhmanı meydana buraxmaqla lap “gül vurdu”. Daşdəmirov Makkartidən də bərbad vəziyyətdə olduğunu göstərdi. Acınacaqlı, Dambrauskasın xarizmasını sarsıdan məğlubiyyətdi.
Ancaq mən indi onun halına yanmaq əvəzinə “Barsa”ya qarşı mərkəz müdafiəçisi mövqeyində kimin oynayacağını daha çox düşünürəm. Keçmiş olsun!