13 noyabrda dünya dağılacaq? - "Siyasət dəllalları insanları təlaşda saxlayır"

Son günlər dünya mediasında və sosial şəbəkələrdə 2026-cı il noyabrın 13-də dünyanın sonunun gələcəyi ilə bağlı iddialar geniş yayılıb. Bu iddiaların əsasında 66 il əvvəl aparılmış elmi araşdırma dayanır.

Belə ki, 1960-cı ildə fizik Haynts fon Förster və həmkarları Patrisia Mora və Lourens Amiot “Science” jurnalında dünya əhalisinin artımı ilə bağlı araşdırma dərc ediblər. Məqalənin başlığında 13 noyabr 2026-cı il tarixi “qiyamət günü” kimi təqdim olunub. Lakin araşdırma dünyanın həmin tarixdə məhv olacağını deyil, əhali artımının riyazi modelləşdirilməsini əhatə edirdi.

Xatırladaq ki, 2012-ci il dekabrın 21-də də dünyanın sonunun gələcəyi barədə oxşar iddialar yayılmışdı. Həmin dövrdə bəzi insanlar ehtiyat ərzaq toplayır, mümkün fəlakətə hazırlaşırdılar. İndi isə sosial şəbəkələrdə yayılan məlumatlar fonunda oxşar narahatlıqlar yenidən gündəmə gəlib.

Bəs astroloji baxımdan noyabrın 13-ü hansı hadisələrlə əlaqələndirilir? Planetlərin düzülüşü və səma cisimlərinin hərəkəti ilə bağlı qeyri-adi vəziyyət gözlənilirmi? Ümumiyyətlə, astrologiya vasitəsilə dünyanın sonunu proqnozlaşdırmaq mümkündürmü?

Mövzu ilə bağlı Lent.az-a danışan tanınmış astroloq Səbuhi Rəhimli bildirib ki, dünyanın sonu haqqında təsəvvürlər insanlıq tarixi boyunca mövcud olub:

“Son üç səmavi dində də, zərdüştilikdə də, qədim Mesopotamiya, Yunanıstan və Roma mənbələrində də bu barədə qeydlər var. Elm də izah edir ki, nə vaxtsa Günəşin enerji mənbəyi olan hidrogen tükənəcək və bu, Yerdə həyatın sonuna səbəb olacaq. Lakin bunun çox uzaq gələcəkdə baş verəcəyi bildirilir. Dinimizdə də dünyanın dağılacağı vaxt barədə konkret tarix göstərilmir.

Ancaq dünyanın siyasət dəllalları, qorxu üzərində hökmranlıq etməyə çalışanlar zaman-zaman insanları təlaşda saxlamaq metodundan yararlanıblar. Miladi təqvimlə 666-cı ildə, 1000-ci ildə, 1333-cü ildə və sonrakı dövrlərdə belə fikirlər səsləndirilib. Hətta rəvayətlərə görə, 1333-cü ildə Avropada on minlərlə insan özünə qəbir qazaraq deyilən vaxtda həmin qəbirlərə uzanıb. O zaman adi təbiət hadisəsi – şimşək çaxması baş verib və bu səsdən qorxuya düşən insanların öldüyü iddia olunub”.

Astroloqun sözlərinə görə, müasir dövrdə də insanların qorxularından istifadə edərək dünyanın sonu haqqında əsassız iddialar yayanlar var:

“Çağdaş dövrümüzdə də belə şarlatanlıq edənlər var. İnsanların məlumatsızlığından istifadə edərək zaman-zaman ortaya ‘dünyanın sonu’ fikrini atırlar. Qeyd etdiyiniz kimi, 2012-ci ildə də belə bir qorxu yaratmışdılar. Hətta eyniadlı film çəkməklə bu qorxunun yayılmasına zəmin yaratmışdılar.

O vaxt mən ‘2012. Dünyanın sonumu?’ adlı kitab yazdım və bütün bu absurd fikirləri alt-üst etdim. Amma məlumatsızlıq və qorxuya meyilli insanlar iki manat verib həmin kitabı almaq əvəzinə, ehtiyat tədbirlərinə 200, hətta 2000 manat xərclədilər”.

Səbuhi Rəhimli noyabrın 13-də qeyri-adi hadisənin baş verməyəcəyini bildirib. Onun astroloji şərhinə görə, həmin tarix əksinə, mülayim və əlverişli günlərdən biri hesab olunur:

“Qısacası, deyim ki, noyabrın 13-də qeyri-adi heç nə olmayacaq. Astroloji cəhətdən də olduqca mülayim, kompromis gündür. Yeni əşya – geyim, aksesuar, avtomobil, telefon və sair almaq üçün əla gündür. Hər hansı planetar neqativlik də yoxdur. Noyabrın 30 günü arasında ən yaxşı dörd gündən biri məhz ayın 13-dür.

Amma məni narahat edən odur ki, noyabrın 13-ü bitəcək və məsələn, dekabrın 13-ü deyiləndə məlumatsız insanlar yenə təlaş keçirəcəklər. Necə ki, heç vaxt olmayacağını düşündüyüm nüvə müharibələrindən danışırlar”.

Qeyd edək ki, noyabrın 13-də dünyanın sonunun gələcəyinə dair heç bir elmi sübut yoxdur. Alimlərin Günəşin təkamülü ilə bağlı hesablamalarına görə, onun həyat dövründə əsaslı dəyişikliklər milyardlarla il ərzində baş verəcək. Astrologiya isə dünyanın sonunu və ya qlobal fəlakətləri etibarlı şəkildə proqnozlaşdıran elmi metod hesab edilmir.