Noyabrın 5-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir neçə vilayətinə hücum edib. Zərbələr nəticəsində Ryazanda neftayırma zavodunun ərazisində güclü yanğın başlayıb.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov sənaye obyektlərində yanğınların baş verdiyini, elektrik xətlərinin zədələndiyini və şəhərin bir hissəsində elektrik təchizatında fasilələr yarandığını bildirib. Bir nəfərin yaralandığı qeyd olunur.
Monitorinq kanallarının məlumatına görə, hücumun hədəflərindən biri “Rosneft”ə məxsus Ryazan neftayırma zavodu olub. İllik 17 milyon tondan çox neft emal etmək gücünə malik müəssisə Rusiyanın ən böyük neftayırma zavodlarından biridir və Moskva ilə mərkəzi bölgələri yanacaqla təmin edir.
Həmin gecə Ryazanda “Wildberries” şirkətinin böyük logistika mərkəzinin də PUA hücumuna məruz qaldığı və ərazidə yanğın baş verdiyi bildirilir.
Bundan başqa, Rostov vilayətində 50-yə yaxın, Voronej vilayətində isə 48 PUA-nın vurulduğu açıqlanıb. Hər iki bölgənin qubernatorları ilkin məlumata görə, tələfat olmadığını bildiriblər. Voronejdə pilotsuz aparatların qalıqları fərdi evin hasarına və yarımqoşquya ziyan vurub.