Xarici turistlər ən çox hansı regionları seçir? – Siyahı

2026-cı ilin ilk doqquz ayında Bakıdan kənarda xarici turistlərin ən çox gecələdiyi turizm mərkəzi Qusar olub. Naftalan isə əsas turizm mərkəzləri arasında hotellərdə gecələmələrin payının yüksəkliyi ilə fərqlənib. Ümumilikdə, regionlarda xarici turistlərin gecələmələrinin böyük hissəsi hotellərdən kənarda baş tutub.

Dövlət Statistika Komitəsinin yanvar–sentyabr ayları üzrə hesabatına əsasən, xarici turistlərin Azərbaycanda keçirdiyi 5 milyon 829,6 min gecənin 2 milyon 343,3 mini Bakıdan kənarda qeydə alınıb. Bu, ümumi göstəricinin 40,2%-idir.

Bakıdan kənarda gecələmələrin cəmi 332,5 mini və ya 14,2%-i hotel və mehmanxana tipli obyektlərin payına düşüb. Paytaxtda isə bu göstərici 44,3% təşkil edib.

Regionlar arasında Qusar rayonu 293,7 min gecələmə ilə fərqlənib. Bunun 96,4 min gecəsi hotellərdə, 34,2 min gecəsi kirayə evlərdə, qalan 163,1 min gecəsi isə qohum və dostların, yaxud turistlərin öz ailələrinə məxsus mənzillərdə keçirilib. Qusarda hotellərin payı 32,8% təşkil edib.

Digər mühüm turizm mərkəzi Qəbələdə 210,4 min gecələmə qeydə alınıb. Bunun 46 min gecəsi və ya 21,9%-i hotellərin payına düşüb.

Quba rayonunda isə 190 min gecələmənin cəmi 25,2 mini hotellərdə baş tutub. Bu, ümumi göstəricinin 13,3%-idir.

Naftalan hotellərdə gecələmə payına görə fərqlənir. Şəhərdə xarici turistlərin 189,9 min gecələməsinin 102,8 mini və ya 54,1%-i hotel və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Bu, Qusar, Qəbələ və Quba ilə müqayisədə xeyli yüksək göstəricidir.

Digər turizm istiqamətlərində də hotellərdən kənar yerləşmə üstünlük təşkil edib. Şəkidə 78,7 min gecələmənin yalnız 6,6%-i, Şamaxıda 73,8 min gecələmənin 13,2%-i hotellərdə keçirilib.

Gəncədə xarici turistlərin 80 min gecələməsinin 13,7%-i, Lənkəranda 55 min gecələmənin 14,6%-i hotel sektorunun payına düşüb.

İsmayıllıda isə vəziyyət daha fərqlidir. Rayonda qeydə alınmış 81,3 min gecələmənin cəmi 2,1 mini və ya 2,6%-i hotellərdə baş tutub.

Statistika göstərir ki, Azərbaycanın əsas regional turizm mərkəzlərində yerləşmə bazarının strukturu əhəmiyyətli dərəcədə fərqlənir. Qusar və Naftalanda hotel gecələmələrinin sayı nisbətən yüksək olduğu halda, Şəki, İsmayıllı və Qubada qohum-dost evləri və şəxsi mənzillər daha böyük paya malikdir.

Əsas turizm mərkəzlərinin müqayisəsi

2026-cı ilin yanvar–sentyabr ayları · Xarici turistlərin gecələmələri

Turizm mərkəzi · Ümumi gecələmə · Hotellərin payı

Qusar · 293 716 · 32,8%

Qəbələ · 210 433 · 21,9%

Quba · 189 986 · 13,3%

Naftalan · 189 928 · 54,1%

İsmayıllı · 81 254 · 2,6%

Gəncə · 79 969 · 13,7%

Şəki · 78 655 · 6,6%

Şamaxı · 73 792 · 13,2%

Lənkəran · 54 975 · 14,6%