Bakı Fond Birjasında dövriyyə 17,5 milyard manat azalıb

Azərbaycanda qiymətli kağızların ticarətini təşkil edən “Bakı Fond Birjası”nın (BFB) dövriyyəsi 2026-cı ilin yanvar–oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 32% və ya 17,48 milyard manat azalaraq 37,14 milyard manata düşüb. Bununla belə, bağlanmış əqdlərin sayı 2,1 dəfə artıb.

BFB-nin açıqladığı statistikaya əsasən, 2025-ci ilin ilk 10 ayında birjanın dövriyyəsi 54,62 milyard manat, əqdlərin sayı isə 25 039 olmuşdu. Cari ilin eyni dövründə əqdlərin sayı 27 501 ədəd artaraq 52 540-a çatıb.

Dövriyyədəki azalmanın əsas səbəbi REPO bazarında aktivliyin zəifləməsidir. Belə ki, REPO əməliyyatlarının həcmi ötən ilin müvafiq dövründəki 43,66 milyard manatdan 28,67 milyard manata enib. Azalma 14,99 milyard manat və ya 34,3% təşkil edib. REPO əməliyyatlarının ümumi dövriyyədəki payı 79,9%-dən 77,2%-ə düşüb.

Dövlət qiymətli kağızları bazarında da ciddi geriləmə qeydə alınıb. Ötən ilin ilk 10 ayında təxminən 7,6 milyard manat olan ticarət həcmi bu il 2,10 milyard manata enib. Bu, təxminən 72% azalma deməkdir.

Bunun əksinə, Azərbaycan Mərkəzi Bankının notları üzrə əməliyyatların həcmi 1,27 milyard manatdan 3,38 milyard manata yüksəlib. Beləliklə, bu seqmentdə ticarət təxminən 2,7 dəfə artıb.

Korporativ qiymətli kağızlar bazarında isə dövriyyə 2,3 dəfə artaraq 900,3 milyon manatdan 2,09 milyard manata çatıb. Xüsusilə təkrar bazarda artım diqqət çəkir. Burada əməliyyatların həcmi 211,9 milyon manatdan 1,75 milyard manata yüksələrək 8,2 dəfə artıb.

Ən böyük fərq səhmlərin təkrar bazarında müşahidə edilib. Bu bazarda 2025-ci ilin ilk 10 ayında 13,1 milyon manatlıq ticarət aparıldığı halda, 2026-cı ilin eyni dövründə göstərici 1,41 milyard manata çatıb. Bu, təxminən 108 dəfə artım deməkdir.

İpoteka istiqrazları üzrə dövriyyə isə ötən ilin eyni dövründəki təxminən 1,2 milyard manatdan 908,4 milyon manata enib.