Konqresdə nəzarəti ələ keçirən Demokratlar Ukraynaya yeni yardım paketini təsdiqləyə biləcəklər

ABŞ Konqresinin hər iki palatasına keçirilən aralıq seçkilərin nəticələrinə əsasən nəzarəti ələ keçirən Demokratlar Ukraynaya yeni yardım paketini təsdiqləyə biləcəklər.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Yanvar ayından etibarən Konqresin hər iki palatasına nəzarəti ələ keçirəcək Demokratlar səsvermələrin gündəliyini müəyyənləşdirə biləcəklər. Bu, onlara Ukraynaya yeni yardım paketini təsdiqləmək imkanı verəcək. Həmin qərarın Trampın vetosunu dəf etmək üçün tələb olunan üçdə iki səs çoxluğunu toplayacağı ehtimal olunur”, – deyə agentliyin materialında bildirilir.

“Reuters”in məlumatına görə, Demokratların köməkçiləri Kiyevə dəstəyi prioritet hesab edirlər. Agentlik qeyd edir ki, Prezident Donald Tramp Konqresdə hər iki partiyanın geniş dəstəyinə baxmayaraq, Ukraynaya birbaşa maliyyə və hərbi yardımı faktiki olaraq dayandırıb.

Demokratlar, həmçinin Rusiyanın dizel yanacağına qarşı sanksiyaların ləğvinə yönəlmiş təşəbbüslərə qarşı çıxmağa diqqət yetirə bilərlər. Belə ki, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinə rəhbərlik edəcəyi ehtimal olunan konqresmen Qreqori Miks Trampın Rusiya dizel yanacağının dünya bazarına qaytarılması planının qarşısını almağa yönəlmiş ikipartiyalı qanun layihəsi irəli sürüb.

Agentliyin məlumatına görə, Demokratların Konqresdə əldə edəcəyi çoxluğun yekun ölçüsü hələ müəyyənləşməyib.

Qeyd edək ki, ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçirilib. “CBS News” telekanalı və “The Guardian” nəşrinin çərşənbə günü səhər saatlarında yaydığı məlumata görə, Demokratlar Partiyası ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu əldə edir. Bununla da Donald Trampın siyasətinə ictimai dəstəyin azalması fonunda qanunverici hakimiyyət üzərində tam nəzarət Respublikaçılar Partiyasından Demokratlara keçir.