İtaliyalı kinorejissor Tinto Brass 94 yaşında vəfat edib. Erotik və pornoqrafik filmləri ilə tanınan rejissor noyabrın 4-də Romada dünyasını dəyişib.
Bu barədə ANSA agentliyi onun həyat yoldaşı və övladlarına istinadən məlumat yayıb.
Rejissorun ölüm səbəbi, dəfn mərasiminin vaxtı və yeri barədə hələlik məlumat verilməyib. Ailəsinin dəfn mərasimini yalnız yaxınlarının iştirakı ilə keçirməyi planlaşdırdığı bildirilir.
Qeyd edək ki, Tinto Brass 1933-cü il martın 26-da Milanda anadan olub. Hüquq təhsili aldıqdan sonra Parisə köçərək dünyanın ən böyük kino arxivlərindən biri olan Fransa Kinematekasında çalışıb. İtaliyaya qayıtdıqdan sonra kino sahəsində fəaliyyətə rejissor assistenti kimi başlayıb.
Onun ilk filmi olan “Kim işləyirsə, itirir” (1963) tamaşaçıların diqqətini cəlb edib. Yaradıcılığının ilk dövrlərində komediya, vestern və psixoloji dram kimi müxtəlif janrlarda filmlər çəkən Brass sonradan erotik kino sahəsində tanınıb.
Rejissorun məşhur ekran əsərləri arasında “Miranda” (1985), “Kapriççio” (1987) və “Bütün xanımlar bunu edir” (1991) filmləri yer alır.