Ermənistan ABŞ-ın son sanksiyalarının İranın aviasiya sektoruna mümkün təsirini öyrənir.
Bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.
Nəşr ABŞ-ın İranın ayrı-ayrı aviaşirkətlərinə qarşı sanksiyalarının Ermənistanla əməkdaşlığa necə təsir göstərə biləcəyi haqda soruşub.
Daha əvvəl Gürcüstan və Azərbaycanın hava məkanlarını İran aviadaşıyıcıları üçün bağladığı, qeyri-rəsmi məlumatlara görə isə Türkiyənin onların uçuşlarına məhdudiyyətlər tətbiq etdiyi bildirilmişdi. Ermənistan hələlik oxşar tədbirlər görməyib.
Nazirliyin cavabında deyilir: "Ermənistan dost dövlətlərlə mövcud münasibətlərin qorunmasına və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Bu məsələlərdə respublika beynəlxalq öhdəliklərini, eləcə də ölkə üçün potensial sanksiya risklərini nəzərə alaraq konstruktiv və tərəfdaşlığa əsaslanan yanaşmanı rəhbər tutur".
Departament əlavə edib ki, müvafiq qərarlar qəbul edilərsə, onlar haqqında məlumatlar müəyyən edilmiş qaydada dərc olunacaq.
Hazırda İranın üç aviaşirkəti Ermənistana müntəzəm uçuşlar həyata keçirir: “Sepehran Airlines”, “Iran Air Tour” və “Fly Kish Airlines”. Lakin Ermənistanın aviaşirkətləri İrana müntəzəm uçuşlar həyata keçirmir.