Fermerlərin texnika dərdi: Lizinq şərtləri dəyişməlidir? - İqtisadçıdan A…

Kənd təsərrüfatında müasir texnika və texnologiyalardan istifadə məhsuldarlığın artırılması, istehsal xərclərinin azaldılması və əmək prosesinin səmərəliliyinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, texnikanın alınması və saxlanılması xərcləri, fermerlərin maliyyə imkanları, servis xidmətlərinə çıxış və müvafiq biliklərin çatışmazlığı bu prosesə təsir göstərə bilər. Müasir texnologiyaların tətbiqi xüsusilə kiçik təsərrüfatların rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından diqqət çəkir. Bəs Azərbaycanda fermerlərin müasir kənd təsərrüfatı texnikasından daha geniş istifadə etməsi üçün hansı imkanlar yaradılmalıdır? Fermerlərin müasir kənd təsərrüfatı texnikasını əldə etməsinə və istifadəsinə mane olan əsas amillər hansılardır? Texnikanın lizinq yolu ilə verilməsi, güzəştli maliyyələşmə və servis xidmətlərinin genişləndirilməsi bu sahədə hansı nəticələri verə bilər?

Mövzu ilə bağlı Medianews-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, kənd təsərrüfatında müasir texnikanın geniş tətbiqinə mane olan əsas amillərdən biri onun baha olması, digər tərəfdən isə fermerlərin gəlirlərinin qeyri-sabitliyidir.

Onun sözlərinə görə, kənd təsərrüfatında gəlirlər ildən-ilə dəyişə bilər. Fermer bir il yüksək gəlir əldə etsə də, növbəti il təbii şərait, məhsuldarlıq və bazardakı vəziyyətlə əlaqədar daha az qazana, hətta zərərlə üzləşə bilər:

“Bu qeyri-müəyyənlik uzunmüddətli maliyyə öhdəlikləri götürməyi çətinləşdirir və bahalı texnikanın əldə edilməsinə marağı azaldır. Azərbaycanda iri təsərrüfatların və aqroparkların sayının məhdud olması da bu məsələyə təsir göstərir. Xüsusilə kiçik fermer təsərrüfatlarının və ailə təsərrüfatlarının maliyyə imkanları məhdud olduğundan müasir kənd təsərrüfatı texnikası almaq onlar üçün daha çətindir. Dövlətin bu istiqamətdə müəyyən dəstək mexanizmləri mövcuddur. O, Aqrar Kredit və İnkişaf Agentliyinin texnikanın alınması zamanı tətbiq etdiyi güzəştləri nümunə göstərib. Texnikanın lizinq yolu ilə əldə olunması üçün müəyyən güzəştlər nəzərdə tutulub. Belə ki, texnikanın dəyərinin 40 faizinə qədər hissəsinə güzəşt tətbiq edilir, ilkin ödəniş 20 faiz təşkil edir, qalan məbləğ isə beş il müddətinə bölünür. Bu, fermerlər üçün kifayət qədər əhəmiyyətli dəstəkdir.

Məsələn, dəyəri 100 min manat olan texnikanın 40 faizi güzəşt edildikdə, qalan məbləğ 60 min manat olur. Bunun 20 faizi, yəni 12 min manat ilkin ödəniş kimi verilir, qalan 48 min manat isə beş il ərzində ödənilir. Təbii ki, faiz və digər şərtlər də nəzərə alınmalıdır. Bununla belə, bu mexanizm fermerlərin texnika əldə etməsini asanlaşdırır”.

Ekspert vurğulayıb ki, banklar kənd təsərrüfatının maliyyələşdirilməsinə hər zaman maraq göstərmirlər:

“Bunun əsas səbəbləri sektorun riskli olması və təsərrüfatların, xüsusilə kiçik fermerlərin maliyyə imkanlarının məhdudluğudur. İri təsərrüfatlar gəlirlərini daha yaxşı planlaşdıra və ilkin ödəniş üçün vəsait toplaya bilsələr də, kiçik fermerlər üçün bu, ciddi çətinlik yaradır”.

Xalid Kərimli hesab edir ki, kiçik fermerlərin texnikaya çıxış imkanlarını artırmaq üçün maliyyələşmə mexanizmləri onların fəaliyyət xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Ödəniş qrafikinin kənd təsərrüfatı istehsalının mövsümi xarakterinə uyğun qurulması da mühüm əhəmiyyət daşıyır:

“Fermerin gəliri hər ay eyni olmur. Məsələn, bəzi məhsulların əkini payız aylarında aparılır, məhsul isə iyun-iyul aylarında yığılır və sonradan satışa çıxarılır. Bu müddət ərzində fermer əsasən xərc çəkir, gəlirini isə məhsulu satdıqdan sonra əldə edir. Ona görə də lizinq və kredit ödənişlərinin bu dövrə uyğunlaşdırılması məqsədəuyğun olardı. Fermer məhsulunu satdıqdan sonra gəlir əldə edir və ödənişlərini həmin vaxt daha rahat həyata keçirə bilər. Kiçik təsərrüfatların birləşməsi və torpaq sahələrinin konsolidasiyası da fermerlərin imkanlarının genişləndirilməsinə kömək edə bilər. Təsərrüfatların böyüməsi onların maliyyə və texniki imkanlarını artırmaqla yanaşı, müasir avadanlıqlardan daha səmərəli istifadə etməyə şərait yarada bilər”.

Bununla belə, ekspert fermerlərin birgə texnika alması və istifadəsi zamanı yarana biləcək çətinliklərə də diqqət çəkib:

“Texnikanın istifadəsi, əkin və biçin işlərinin növbəliliyi, eləcə də ödənişlərin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları yarana bilər. Buna görə də birgə fəaliyyətə başlamazdan əvvəl tərəflər arasında aydın razılaşmanın olması vacibdir”.

X.Kərimli kənd təsərrüfatı texnikasına xidmət göstərən mərkəzlərin genişləndirilməsini də əsas məsələlərdən biri hesab edir:

“Bəzi ərazilərdə servis mərkəzlərinin olmaması və ya uzaqda yerləşməsi, ehtiyat hissələrinin bahalaşması fermerlər üçün əlavə xərc yaradır. Kənd təsərrüfatı texnikasının təmiri və texniki xidmət imkanlarının bölgələrdə genişləndirilməsi, ehtiyat hissələrinin əlçatanlığının artırılması fermerlərin işini asanlaşdıra bilər. Eyni zamanda, texnikadan düzgün istifadə qaydalarına əməl olunması da vacibdir. Çünki avadanlığın düzgün istismar edilməməsi onun tez sıradan çıxmasına və əlavə təmir xərclərinin yaranmasına səbəb ola bilər.

Hesab edirəm ki, Azərbaycanda fermerlərin müasir kənd təsərrüfatı texnikasına çıxışını genişləndirmək üçün dövlət dəstəyinin davam etdirilməsi ilə yanaşı, kiçik təsərrüfatların maliyyə imkanlarının artırılması, ödəniş şərtlərinin mövsümi gəlirlərə uyğunlaşdırılması və bölgələrdə texniki xidmət infrastrukturunun inkişaf etdirilməsi vacibdir”.