Yəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatları davam etdirir. Son 24 saat ərzində həyata keçirilən 1272 əməliyyat nəticəsində təxminən 500 husi döyüşçüsünün zərərsizləşdirildiyi, 169 hərbi texnika və silahın məhv edildiyi açıqlanıb.
Bu barədə Yəmən ordusunun sözçüsü polkovnik Məcid Abdullah ən-Nazili “X” sosial şəbəkəsində məlumat yayıb.
O, əməliyyatların “Yəmən Şəfəqi” hərbi kampaniyası çərçivəsində həyata keçirildiyini bildirib.
Məcid Abdullah ən-Nazilinin sözlərinə görə, zərbələr husilərin toplaşma məntəqələrinə, istehkamlarına, atəş mövqelərinə, hərəkət və təchizat vasitələrinə endirilib. Zərərsizləşdirilənlər arasında səhra komandirlərinin də olduğu qeyd edilib. Bundan başqa, 169 nəqliyyat vasitəsi, hərbi avadanlıq və ağır silah məhv edilib və ya istifadəyə yararsız vəziyyətə salınıb.
O, hökumət qüvvələrinin əl-Cəvf, Mərib, əl-Bayda, Lahic və Taiz əyalətlərində bütün cəbhələrdə irəlilədiyini bildirib. Hava zərbələri və artilleriya dəstəyi əməliyyatların gedişində mühüm rol oynayır.
Bu arada, əl-Cəvf əyalətindəki hökumət qüvvələri husilərin nəzarətində olan əl-Həzm şəhərinin ön müdafiə xəttini təşkil edən strateji Huveyşiyan dağlarına tam nəzarəti ələ keçirdiklərini açıqlayıblar.
Qeyd edək ki, Yəmən Prezident Şurasının rəhbəri Rəşad əl-Üleymi tərəfindən elan edilən “Yəmən Şəfəqi” əməliyyatı oktyabrın 5-dən davam edir. Əməliyyatın əsas məqsədi dövlət qurumlarını husilərin nəzarətindən geri almaq və paytaxt Sənaya nəzarəti bərpa etməkdir.