Bakı, 2 noyabr, AZƏRTAC Oktyabrın 31-də və noyabrın 1-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər, dələduzluğa görə axtarışda olan 10 nəfər aidiyyəti üzrə təhvil verilib.Eyni zamanda, narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Ümumi çəkisi 5,7 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.