Bakı, 2 noyabr, AZƏRTAC Makron rejiminə yönələn etirazlar və Avropanın müxtəlif ölkələrində artan sosial narazılıq təsadüfi proses deyil, qitənin uzun illər ərzində həll edə bilmədiyi iqtisadi, sosial və siyasi problemlərin yaratdığı dərin böhranın növbəti təzahürüdür. Fransa və Almaniyada baş verən son kütləvi etirazlar təkcə sosial-iqtisadi problemlərə qarşı reaksiyanın ifadəsi deyil. Bu proseslər, eyni zamanda, Avropa siyasi modelinin, xüsusilə də ənənəvi hakimiyyət institutlarının legitimliyi ilə bağlı yaranan böhranın növbəti əyani təzahürü kimi qiymətləndirilə bilər. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı politoloq Aydın Tağıyev deyib. O bildirib: “Fransada yüz minlərlə insanın küçələrə çıxması, Almaniyada isə gənclərin onlarla şəhərdə aksiyalar keçirməsi göstərir ki, narazılıq artıq ayrı-ayrı sosial qrupların deyil, bütövlükdə cəmiyyətin müxtəlif təbəqələrinin ortaq probleminə çevrilib. Hesab edirəm ki, Makron rejiminin əsas problemi etimad böhranıdır. Son illər onun hakimiyyəti dövründə Fransada ardıcıl şəkildə pensiya islahatları, vergi siyasəti, enerji qiymətlərinin artması və yaşayış səviyyəsinin aşağı düşməsi ilə bağlı mübahisələr yaşanıb. Bu səbəbdən etirazlar Fransa siyasi həyatında artıq dövri xarakter almağa başlayıb, demək olar ki, əhalinin əksəriyyəti bu rejimdən narazıdır. Son aksiyalarda da əsas tələblər yaşayış xərclərinin artımı, sosial bərabərsizlik və təhsil problemləri ilə bağlıdır. Burda əsas məsələ iqtisadi çətinliklərin mövcudluğundan daha çox, hakimiyyətlə vətəndaşlar arasında etimadın zəifləməsidir. Bir sözlə, xalq hakimiyyətə, onun vədinə inanıb etimad göstərmək istəmir. Cəmiyyətin əhəmiyyətli hissəsində belə bir fikir formalaşır ki, hakimiyyət sosial problemlərə cavab vermək əvəzinə daha çox inzibati və təhlükəsizlik mexanizmlərinə üstünlük verir”. Politoloq qeyd edib ki, Fransa nümunəsi Avropanın qollarına və boynuna sarılmış ümumi problemin bariz nümunəsir. Almaniyada keçirilən aksiyaların tələblərinə nəzər saldıqda eyni səbəblərin mövcud olduğu görünür: “Son dövrlərdə iqtisadi artım tempinin zəifləməsi, sosial rifah sisteminin artan maliyyə yükü, enerji təhlükəsizliyi sahəsində yaranan çətinliklər, əhalinin qocalması ilə bağlı demoqrafik problemlər və miqrasiya siyasəti ətrafında dərinləşən fikir ayrılıqları Avropa ölkələrində daxili gərginliyi artıran əsas amillər sırasındadır. Bununla yanaşı, xüsusilə gənc nəslin gələcək həyat perspektivləri, məşğulluq imkanları, təhsil keyfiyyəti və sosial təminatla bağlı narahatlıqları daha qabarıq şəkildə özünü göstərir. Almaniyada etirazlar yeni siyasi nəslin mesajı adalandırsaq daha dəqiq olar. Almaniyanın 34 şəhərində keçirilən aksiyalar göstərir ki, Avropada siyasi fəallığın əsas mərkəzi tədricən gənclər olur. “Gen Z regelt” hərəkatının əsas şüarları arasında təhsil, sosial təminat, iqlim siyasəti və məcburi hərbi xidmətə qarşı mövqe xüsusi yer tutur. Burda görünən odur ki, əgər əvvəlki onilliklərdə Almaniya sosial sabitliyin simvolu hesab edilirdisə, indi həmin ölkədə də narazılığın sürətlə artması Avropa elitaları üçün ciddi xəbərdarlıqdır. Fransa və Almaniyada müşahidə olunan son etirazlar göstərir ki, Avropada sosial narazılıq artıq epizodik hadisə deyil, daha dərin siyasi və iqtisadi səbəblərdən qaynaqlanan prosesə çevrilməkdədir. Paris və Berlin küçələrində səslənən etiraz çağırışları sabah Avropanın digər paytaxtlarında da eşidilə bilər. Fransa və Almaniyada yaşananlar isə artıq göstərir ki, Avropa əvvəlki Avropa deyil və qitə çox ciddi şəkildə yeni siyasi reallıqlarla üz-üzədir”.