Bakı, 2 noyabr, AZƏRTAC Müasir beynəlxalq münasibətlər sistemində qütbləşmələrin və qlobal çağırışların dərinləşdiyi bir dövrdə sivilizasiyalararası dialoqun, hüquqi həmrəyliyin və praktiki tərəfdaşlığın təşviqi hər zamankından daha böyük əhəmiyyət kəsb edir. Bu günlərdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun Azərbaycana səfərləri, Prezident İlham Əliyev başda olmaqla ölkənin dövlət və ictimai xadimləri ilə keçirdikləri görüşlər, habelə Bakıda təşkil olunan beynəlxalq tədbirlərdə iştirak etmələri məhz bu strateji xəttin məntiqi davamı olub. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş bu mötəbər tədbirlər, orada qəbul edilən qərarlar və imzalanan sənədlər Azərbaycanın İslam coğrafiyasında oynadığı mərkəzi və fəal rolu bir daha təsdiq edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında şərqşünas Rasim Abdulla söyləyib. O bildirib ki, Azərbaycanın İƏT çərçivəsində nümayiş etdirdiyi fəal rol və təşkilatın fəaliyyətinə verdiyi töhfələr ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşündə Azərbaycanın təşkilatın Bürosuna iki il müddətinə yekdilliklə sədr seçilməsi ölkəmizə olan beynəlxalq etimadın bariz nümunəsidir. Tədbir çərçivəsində Azərbaycanın “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə əl-Mükərrəmə Konvensiyası”nı imzalaması ölkəmizin İslam dünyasında şəffaflıq, idarəetmə mədəniyyəti və transmilli cinayətkarlığa qarşı birgə mübarizə işinə verdiyi əməli töhfədir. Bu mühüm addım Azərbaycanın İƏT çərçivəsində, sadəcə, formal deyil, real və liderlik xarakterli fəaliyyət göstərdiyini, İslam həmrəyliyinin möhkəmlənməsinə hər zaman sadiq olduğunu nümayiş etdirir. Bakı İslam dünyasında sülhün və təhlükəsizliyin təmin olunmasında aparıcı aktordur “ICESCO ilə əməkdaşlıq isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri fonunda xüsusi məna daşıyır. Azərbaycan bu ərazilərdə müasir infrastruktur yaratmaqla yanaşı, işğal illərində dağıdılmış və zərər görmüş tarixi, dini və mədəni abidələrin bərpasını da həyata keçirir. Amma belə bir sual yarana bilər ki, uzun illər erməni işğalı və vandallığı nəticəsində dağıntıya məruz qalmış tarixi-dini abidələrimizin yenidən bərpa olunması onlara dəyən zərərin izlərini silməz ki? Bu nöqteyi-nəzərdən ICESCO-nun apardığı fəaliyyət mühüm beynəlxalq əhəmiyyətə malikdir. Təşkilatın ekspert missiyalarının nəticələri əsasında Qarabağdakı dağıntılarla bağlı hazırladığı hesabatlar həmin zərərin beynəlxalq ekspertiza əsasında sənədləşdirilməsinə, faktların dünya ictimaiyyətinə çatdırılmasına və zərurət yarandığı halda müvafiq beynəlxalq hüquqi müstəvilərdə təqdim olunmasına imkan verən mühüm materiallardır. Ağdamdakı İmarət Tarix-Memarlıq Muzey Kompleksinin və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun İslam Dünyası İrs Siyahısına daxil edilməsi isə bu abidələrin əhəmiyyətinin beynəlxalq səviyyədə tanınması və gələcək nəsillər üçün qorunması baxımından mühüm nəticədir”, - deyə R.Abdulla vurğulayıb. Ekspert qeyd edib ki, İslam dünyası ilə əməkdaşlıq birtərəfli xarakter daşımır. Azərbaycan da öz növbəsində İslam dünyasının inkişafına, xüsusilə gənclərin təhsilinə, insan kapitalının formalaşmasına və humanitar problemlərin həllinə töhfə verir. İƏT-ə üzv 46 ölkədən təxminən 350-yə yaxın gəncin Azərbaycanın təqaüd proqramlarından faydalanması ölkəmizin bu sahədəki fəaliyyətinin konkret göstəricisidir. Eyni zamanda, ICESCO ilə birgə Suriyada 100-dən artıq məktəbin bərpası və 10 yeni məktəbin tikintisinə, Burkina-Faso və Nigerdə qızların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş cari layihələr Azərbaycanın humanitar əməkdaşlıq coğrafiyasının genişliyini nümayiş etdirir. Bundan əlavə, ICESCO-nun Baş direktorunun Azərbaycana son səfəri zamanı Heydər Əliyev Fondu arasında imzalanan yeni saziş əməkdaşlığı daha da genişləndirir. “İƏT və ICESCO rəhbərlərinin Azərbaycana səfərləri, aparılan yüksəksəviyyəli müzakirələr və imzalanan sənədlər bir daha təsdiq edir ki, Bakı İslam dünyasında sülhün, təhlükəsizliyin və tərəqqinin təmin olunmasında aparıcı aktordur. Azərbaycan həm milli inkişaf modelini uğurla reallaşdırır, həm də İslam həmrəyliyini praktiki layihələr, hüquqi sənədlər və qlobal təşəbbüslərlə zənginləşdirməkdə davam edir”, - deyə Rasim Abdulla əlavə edib.