İsraildə siyasi böhran qapıdadır - Azərbaycanla münasibətlər necə olacaq?

İsraildə son onilliklərin ən gərgin və taleyüklü seçki marafonu başa çatdı. Ölkədə 26-cı çağırış Knessetə keçirilən ümumi seçkilər həm rekord seçici fəallığı, həm də siyasi mənzərənin gözlənilməz gedişatı ilə tarixə düşdü. 1988-ci ildən bəri ilk dəfədir ki, İsrail parlamenti vaxtından əvvəl buraxılmadan özünün tam 4 illik səlahiyyət müddətini başa vuraraq seçkilərə gedib.

Səsvermə bitdikdən sonra elan olunan ilk exit-poll nəticələri ölkədə yeni və olduqca mürəkkəb bir koalisiya böhranının anonsunu verir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı "Likud" partiyası liderliyini qoruyub saxlasa da, parlamentdə mütləq çoxluğu təmin etmək üçün qüvvələr nisbəti hələ də tam aydın deyil.

Beynəlxalq münasibətlər və İsrailin daxili siyasəti üzrə ekspert İqor Roytаpel Modern.az-a bildirib ki, ölkəsunun daxili siyasəti yenidən həlledici mərhələyə qədəm qoyub:

"Knessetə keçirilən seçkilərin nəticələri siyasi mənzərənin ciddi şəkildə parçalandığını və aşkar koalisiya çoxluğunun olmadığını göstərib. Bu isə ölkəni mürəkkəb koalisiya danışıqları və növbəti siyasi dalana düşmək riski ilə üz-üzə qoyur. Səslərin hesablanmasının nəticələri İsrail cəmiyyətinin bir neçə böyük siyasi blok arasında davamlı şəkildə bölündüyünü göstərir. Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası təxminən 27 mandatla parlamentdə ən böyük fərdi siyasi qüvvə olaraq qalır. “Likud” ətrafında “Şas”, “Yəhudat ha-Tora”, “Dini Sionizm” və “Otsma Yehudit” kimi ənənəçi və sağçı partiyaların daxil olduğu sağ-mühafizəkar blok formalaşıb. Bu blokun ümumilikdə 55-56 yerə sahib olduğu bildirilir. Qeyd etmək lazımdır ki, mühafizəkar-dini qanad sağ düşərgənin yalnız bir hissəsini təşkil edir və bu düşərgədə say baxımından mütləq üstünlüyə malik deyil".

Onun sözlərinə görə, ikinci düşərgəni Qadi Ayzenkotun (“Yaşar” partiyası – 21 mandat), Naftali Bennet və Yair Lapidin (“Beyahad” – 11 mandat), Aviqdor Libermanın (“İsrael Beytenu” – 8 mandat) və “Demokratlar” partiyasının (9 mandat) təmsil olunduğu müxalifət bloku təşkil edir. Ekspert qeyd edib ki, Bu qüvvələrin ümumilikdə təxminən 49 mandatı var. Ərəb partiyaları isə ayrıca siyasi seqment kimi təxminən 16 mandatı nəzarətdə saxlayır.

"Hazırda həlledici amil “ikiqat zərflər” adlandırılan seçki bülletenlərinin hesablanmasıdır. Söhbət İsrail Müdafiə Ordusunun hərbçilərinin, diplomatların, təhlükəsizlik xidmətləri əməkdaşlarının və tibb işçilərinin verdiyi təxminən 600 min səsdən gedir. Bu səslərin 15 mandata bərabər olduğu bildirilir. Tarixən bu seçici qrupu sağ düşərgənin mövqelərini gücləndirməyə meyilli olub. Lakin sabit hökumət formalaşdırmaq üçün 120 yerlik Knessetdə ən azı 61 mandat tələb olunur. Benyamin Netanyahu tərəfdarları qarşısında çıxış edərkən tamhüquqlu koalisiya yaratmaq mümkün olmayacağı təqdirdə ölkənin təkrar seçkilərə hazır olmalı olduğuna işarə edib", - deyə o əlavə edib.

İ.Roytapelin fikrincə, Azərbaycan - İsrail münasibətlərinin gələcəyini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, bu strateji tərəfdaşlıq onilliklər ərzində formalaşıb:

"Əlaqələrin fundamental əsasları birbaşa Benyamin Netanyahunun, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın adları ilə bağlıdır. Müasir münasibətlərin təməli 1997-ci ilin avqustunda Benyamin Netanyahu ilə Heydər Əliyev arasında Bakıda keçirilən ilk tarixi görüşə gedib çıxır. Məhz həmin vaxt iki dövlət arasında uzunmüddətli əməkdaşlığın strateji istiqaməti müəyyənləşdirilib. Sonrakı illərdə Prezident İlham Əliyev və Benyamin Netanyahu, eləcə də onun təmsil etdiyi “Likud” partiyası bu təməli əhəmiyyətli dərəcədə möhkəmləndirərək əməkdaşlığı daha da dərinləşdiriblər. Humanitar, mədəni və beynəlxalq əlaqələrin gücləndirilməsində Birinci vitse-prezident Mehriban Əliyeva da mühüm rol oynayıb. 2022-ci ilin sonunda Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması uzun illər ərzində aparılan çoxşaxəli danışıqların və ali səviyyədə formalaşmış etimadlı dialoqun məntiqi nəticəsi olub. Bu addım alternativ koalisiyaların qısa müddətli hakimiyyəti dövrünün nəticəsi deyil".

Politoloq hesab edir ki, proqnoz və təhlil baxımından, müxalifət liderlərinin - Yair Lapidin, Naftali Bennetin və ya Qadi Ayzenkotun hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan-İsrail münasibətlərində kəskin dəyişikliklərin baş verəcəyini qəti şəkildə söyləmək olmaz:

"2021-2022-ci illərdə fəaliyyət göstərən koalisiya hökuməti dövründə strateji dialoq fasiləsiz davam edib. Qadi Ayzenkot isə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi olduğu müddətdə Bakı ilə hərbi-texniki əməkdaşlıq məsələlərinə şəxsən nəzarət edib. Bununla belə, Azərbaycan üçün Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” blokunun hakimiyyətdə qalması ən çox sınaqdan çıxmış, proqnozlaşdırıla bilən və anlaşılan ssenari kimi görünür. Liderlər arasında uzun illər ərzində formalaşmış şəxsi əlaqələr və sağ düşərgənin siyasi kursunda davamlılıq münasibətlərin sabitliyi baxımından mühüm amillərdir. Eyni zamanda, İsrail hökumətinin siyasi konfiqurasiyası dəyişsə belə, ikitərəfli tərəfdaşlığın əsas sütunlarının sarsılmaz qalacağı gözlənilir. Bu əməkdaşlığın təməlində İsrailin fundamental milli maraqları dayanır: enerji təhlükəsizliyi, müdafiə sektoru, regional təhlükəsizlik. Azərbaycan İsrail üçün xam neftin əsas və etibarlı tədarükçülərindən biri olaraq qalır. Eyni zamanda hərbi-texniki əməkdaşlıq və yüksək texnologiyalı silah bazarı İsrailin müdafiə sənayesi üçün strateji əhəmiyyət daşıyır. Təhdidlərə qarşı birgə mübarizə və Cənubi Qafqazda ortaq maraqlar partiyalarüstü xarakter daşıyır. Rəsmi Bakı üçün Benyamin Netanyahunun hakimiyyətdə qalması zamanla sınaqdan çıxmış sabitliyin davamı deməkdir. Bununla belə, Azərbaycan-İsrail tərəfdaşlığı artıq şəxsi razılaşmalar çərçivəsini çoxdan aşıb və dərin institusional ittifaqa çevrilib. Buna görə də Yerusəlimdə koalisiya danışıqlarının hansı nəticə ilə yekunlaşmasından asılı olmayaraq, bu tərəfdaşlığın strateji əhəmiyyətini qoruyacağı gözlənilir"