Qazaxıstan Çinlə Avropa arasında yükdaşımaların artmasından istifadə edərək Avrasiyanın aparıcı logistika mərkəzinə çevrilməyi hədəfləyir. Ölkənin nəqliyyat infrastrukturunu genişləndirməsi Azərbaycan üzərindən keçən Orta Dəhlizin də inkişafına yeni imkanlar yarada bilər.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 28-də xalqa müraciətində bildirib.
Prezidentin sözlərinə görə, qlobal logistika sistemində baş verən dəyişikliklər və dəniz marşrutlarında risklərin artması quru nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini gücləndirib.
“Qazaxıstan Avrasiyanın aparıcı logistika mərkəzinə çevrilmək üçün bu tarixi fürsətdən istifadə etməlidir”, – deyə Tokayev vurğulayıb.
O bildirib ki, ölkə sadəcə tranzit ərazisi olmaqla kifayətlənməməli, beynəlxalq yük axınlarını təşkil edən logistika mərkəzinə çevrilməlidir.
Qazaxıstanın planlarına əsasən, 2027-ci ildə Baxtı–Ayağöz dəmir yolu xəttinin istifadəyə verilməsi Çinlə yükdaşımaların illik buraxılış qabiliyyətini 20 milyon ton artıracaq.
Bundan əlavə, tikintisinə avqustda başlanılan Aral–Xəzər avtomobil magistralının Transxəzər marşrutunu təxminən 1 000 kilometr qısaldacağı, çatdırılma müddətini isə üç gün azaldacağı gözlənilir.
Azərbaycan üçün əhəmiyyəti…
Qazaxıstanın logistika layihələri Azərbaycan üçün də iqtisadi əhəmiyyət daşıyır. Çünki Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhlizin əsas marşrutlarından biri Qazaxıstanın Aktau və Kurık limanlarından Xəzər dənizi vasitəsilə Bakı limanına, oradan isə Gürcüstan və Türkiyəyə keçir.
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında Orta Dəhliz üzrə yükdaşımalar 30%, Çindən Qərbə tranzit konteyner daşımaları isə 64% artıb.
Azərbaycanın özündə də tranzit göstəriciləri yüksəlir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə əsasən, yanvar-sentyabr aylarında ölkə ərazisindən tranzit yükdaşımaları 14,5% artaraq 12 milyon tonu ötüb. Şərq–Qərb dəhlizində artım 20,2%, Bakı limanında konteyner aşırmaları isə 29% təşkil edib.
Oktyabrın 15-də Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafına dair yeni əməkdaşlıq sazişi də imzalayıblar. Saziş tariflərin sabitliyini, liman xidmətlərinin əlaqələndirilməsini və vahid daşıma sənədlərinin tətbiqini nəzərdə tutur.