Misir Yaxın Şərqdə gərginliyi azaltmaq üçün dördtərəfli koordinasiya mexanizmi təklif edib

Bakı, 28 oktyabr, AZƏRTAC Misir Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə regional gərginliyin azaldılması səylərini müzakirə edib. AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdelati həmkarları ilə telefon danışıqları əsnasında Qahirə, Ər-Riyad, İslamabad və Ankaranın iştirakı ilə dördtərəfli koordinasiya mexanizminin yaradılmasını təklif edib. O, regional hadisələri və artan eskalasiya riskləri fonunda mövcud böhranın qarşısını almaq üçün səyləri müzakirə edib, dialoq yolu ilə siyasi və dinc həll yollarının vacibliyini vurğulayıb.Xarici işlər nazirləri Türkiyə və Pakistanı da əhatə edən dördtərəfli nazirlik mexanizmi vasitəsilə sıx məsləhətləşmələri və koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.Mexanizm Misir, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanını gərginliyin azaldılması üzrə məsləhətləşmələri, koordinasiyanı gücləndirmək və regional böhranlara siyasi həll yollarını dəstəkləmək üçün bir araya gətirir.Qahirənin bu təklifi Misir parlamentinin üçdə iki səs çoxluğu ilə Prezident Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanını dəstəkləmək, Krallığın ərazisini, suverenliyini və müqəddəs yerlərini qorumaq üçün lazımi tədbirlər görmək səlahiyyətini təsdiqləməsindən bir gün sonra irəli sürülüb.Bu, həmçinin iyul ayından bəri Səudiyyə Ərəbistanı ilə Yəmənin husi qrupu arasında davam edən hərbi eskalasiya, o cümlədən Krallıqdakı mülki aviasiya obyektlərinə və enerji infrastrukturuna hücumların fonunda baş verir.