Paşinyan: Əliyevlə danışmışam, bunu etmək üçün erkən seçkiyə gedə bilərik

“Yaxın vaxtlarda yeni Konstitusiyanın mətnini dərc edəcəyik və ictimai müzakirələrə başlayacağıq”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Daha sonra sənədi parlamentə göndərəcəyik. Müxalifətdəki həmkarlarımızı bunun çox vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq”, - o əlavə edib.

Baş nazirin sözlərinə görə, onları inandırmağa çalışacaqlar, bu mümkün olmasa, başqa ssenarilərə əl atacaqlar: “Bu ssenarilərə növbədənkənar seçkilərin keçirilməsi də daxildir. Kim deyib ki, belə bir ssenari istisnadır?”.

Paşinyan vurğulayıb ki, onun Ermənistan vətəndaşları qarşısında həm Konstitusiya dəyişikliyi, həm də Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlı öhdəliyi var: “Hesab edirəm ki, Ermənistan xalqı bu öhdəliyin yerinə yetirilməsini istəyirsə, o zaman xalq bu işi birlikdə həyata keçirməlidir”.

Ermənistan rəhbəri əlavə edib ki, Konstitusiya məsələsini Azərbaycanla müzakirə etmirlər: “Çünki bu, bizim daxili siyasi məsələmizdir. Amma onu da deməliyəm ki, (Azərbaycan Prezidenti İlham Əliyevlə) Bişkekdəki görüşümüz zamanı bu mövzu ətrafında söhbət olub”.

Paşinyan vurğulayıb ki, Azərbaycana Ermənistan Konstitusiyası ilə bağlı məsələlərin ölkəsinin daxili işi olduğunu bildirib: “Azərbaycan Konstitusiya məsələsinin Ermənistanın daxili siyasi həyatına aid olduğunu qəbul edir. Onlar sadəcə bu cür siyasi mövqelərinin olduğunu bildirirlər”.