Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsi üçün növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib. O, yaxın vaxtlarda Konstitusiya layihəsinin dərc olunacağını və parlamentə təqdim ediləcəyini bildirib.
Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Baş nazir bildirib ki, Bişkekdə keçirilən görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan Konstitusiyası məsələsinin daim gündəmə gətirilməsinin İrəvan üçün qəbuledilməz olduğunu çatdırıb.
Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi isə Ermənistan Konstitusiyası məsələsinin ölkənin daxili işi olduğunu qəbul etdiyini, lakin bu məsələdə öz siyasi mövqeyinin olduğunu bildirib. Bakının mövqeyinə əsasən, sülh sazişi yalnız Ermənistan Konstitusiyasında dəyişiklik edildikdən sonra imzalana bilər.
“Amma biz hər halda Konstitusiyanı dəyişiriksə və bu, hökumətimizin proqramının bir hissəsidirsə, niyə fürsətdən istifadə edib iki işi birdən görməyək? Azərbaycan belə bir mövqe ortaya qoyursa, biz öz gündəliyimizdən imtina etməliyik? Xeyr, bu istiqamətdə irəliləməli və yeni Konstitusiya qəbul etməliyik”, – deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri qeyd edib ki, yaxın vaxtlarda yeni Konstitusiyanın layihəsi ictimaiyyətə təqdim olunacaq və parlamentə göndəriləcək.
“Biz müxalifətdəki həmkarlarımızı bunun çox vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər buna nail ola bilməsək, digər ssenarilərə əl atacağıq. O cümlədən növbədənkənar seçkilər keçirə bilərik. Kim deyib ki, belə bir ssenari istisnadır?” – deyə Paşinyan vurğulayıb.
Baş nazir sülh sazişinin imzalanması və Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Ermənistan vətəndaşları qarşısında öhdəliklərinin olduğunu da bildirib.
Xatırladaq ki, Paşinyan daha əvvəl Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini açıqlamışdı.
Bundan əvvəl Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan da bildirmişdi ki, Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini birbaşa tələb etmir, lakin sülh sazişinin imzalanması üçün bunu ilkin şərt kimi irəli sürür.