Azərbaycanla Türkiyə arasında son günlər yaşanan süni gərginlik tədricən arxada qalır. Hər iki ölkənin sosial media seqmentində qarşıdurmanı davam etdirməyə çalışan qüvvələr hələ də fəallıq göstərsələr də, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu siyasi iradə münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirdi.
Lakin bu böhranın həm görünən, həm də görünməyən tərəfləri var.
Gərginliyin yaranmasında və böyüməsində ayrı-ayrı siyasi və ictimai şəxslərin açıqlamaları da az rol oynamayıb.
Xüsusilə Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və AK Partiyadan olan bəzi siyasətçilərin Azərbaycanın məktəbli geyimi ilə bağlı daxili qərarlarına yönəlmiş sərt açıqlamaları Bakıda narazılıq doğurub. Hakim Yeni Azərbaycan Partiyasının da etirazına səbəb olan bu bəyanatlar iki qardaş ölkə arasında süni qarşıdurmanın dərinləşməsinə xidmət edən müzakirələri daha da alovlandırıb.
Əslində, burada söhbət yalnız hicab məsələsindən deyil, müstəqil dövlətlərin suveren qərarlarına və qarşılıqlı hörmət prinsipinə münasibətdən gedir. Qardaşlıq heç kimə başqa dövlətin daxili işlərinə qarışmaq və ona siyasi iradəsini diktə etmək hüququ vermir. Azərbaycan-Türkiyə münasibətləri də məhz bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı sayğı üzərində qurulub.
Bununla belə, Türkiyənin nüfuzlu siyasi və ictimai xadimlərinin gərginliyin səngiməsinə yönəlmiş mövqeyi də diqqət çəkib.
MHP lideri Dövlət Bahçeli, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım və TADİV başqanı, professor Aygün Attar kimi tanınmış simaların Azərbaycan-Türkiyə qardaşlığının qorunmasına yönəlmiş mövqeləri ictimai müzakirələrdə xüsusi yer tutub.
Türkiyə Cəfəri icmasının dini lideri Səlahəddin Özgündüzün Azərbaycan Prezidenti İlham Əliyevin İslam dininə, məscidlərin bərpasına və dini-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələr barədə çıxışı da bu baxımdan diqqətçəkən məqamlardandır.
Onun mövqeyi bəzi dairələrdə narazılıq doğursa da, Türkiyə ictimaiyyətinin Azərbaycan əleyhinə çıxış edən bir neçə radikal şəxsdən ibarət olmadığını, qardaşlıq münasibətlərini yüksək qiymətləndirən geniş çevrələrin mövcudluğunu bir daha göstərdi.
Maraqlıdır ki, prosesin böyüməməsi üçün qeyri-rəsmi təmasların da aparıldığı bildirilir.
Siyasi kulislərdə səslənən, hələlik müstəqil təsdiqini tapmayan iddialara görə, Türkiyədə nüfuzlu əlaqələrə malik bir sıra azərbaycanlılar da gərginliyin azaldılması istiqamətində səylər göstəriblər. Bu kontekstdə adı hallanan şəxslərdən biri iş adamı Mübariz Mənsimovdur. İddialara əsasən, “Palmali” rəhbəri Prezident Ərdoğanın ailəsinə yaxın çevrələrlə əlaqələrindən istifadə edərək münasibətlərin daha da gərginləşməməsinə çalışıb.
Yeri gəlmişkən, Mənsimovla bağlı siyasi kulislərdə daha bir maraqlı iddia xatırladılır. Bildirilir ki, 2013-cü ildə Azərbaycanda ciddi siyasi rezonans doğuran “Milyarderlər İttifaqı” barədə məlumatların Azərbaycan tərəfinə çatdırılmasında onun ciddi rolu olub. Hətta iş adamının sonrakı illərdə üzləşdiyi ağır problemlərin başlanğıcını həmin hadisə ilə əlaqələndirənlər var.
Təkcə Mənsimovun deyil, Türkiyədə nüfuz sahibi olan digər azərbaycanlı iş adamlarının və ziyalıların da böhranın böyüməməsi üçün qeyri-rəsmi təmaslar qurduğu, tərəflər arasında bir növ “yumşaq güc” rolunu oynamağa çalışdığı iddia edilir.
Bütün bunlar göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərinin qorunması yalnız rəsmi diplomatiyanın deyil, ictimai və qeyri-rəsmi təmasların da gündəmində olub.
Şübhəsiz, son günlər yaşanan xoşagəlməz hadisələr müəyyən izlər buraxdı. Ancaq ən mühüm məsələ həmin hadisələrdən düzgün nəticə çıxarmaq və qardaşlıq münasibətlərini gündəlik siyasi mübahisələrin fövqündə tutmaqdır.
Çünki Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bir neçə sosial media təxribatçısının yaratdığı səs-küydən qat-qat böyükdür. Bu münasibətlərin taleyini də qarşıdurmanı dərinləşdirmək istəyənlər deyil, Bakı və Ankaranın dövlət iradəsi müəyyən edir.
Necə ki, iki liderin bir telefon danışığı ilə verdiyi siyasi mesaj, həftələrlə gərginlik yaradanlara ciddi bir dərs oldu: Dövlət ağlının söz sahibi olduğu yerdə fitnənin ömrü uzun olmur!