Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya Prezidenti Vladimir Putinin hazırda real sülh danışıqlarına hazır olmadığını vurğulayıb.
Bu barədə "Clash Report” nəşri yazıb.
"Hesab edirəm ki, Putin hələ də bu qış ukraynalıları sındırmaq istəyir. Bəlkə də yalnız onları sındıra bilməsə, ciddi danışıqlara hazır olacaq, çünki bu gün o, absurd dərəcədə qeyri-real tələblər irəli sürür", — deyə Sikorski qeyd edib.
Onun sözlərinə görə, Rusiya Federasiyası qonşularına qarşı pis niyyətinin olmadığını və yeni təhlükəsizlik arxitekturası yaratmaq istədiyini bəyan edəndə, o, rusiyalılara köhnə bir lətifəni xatırladır:
"Uşaqlar, vaxtilə bizdə belə bir lətifə var idi: "Sovet İttifaqının təhlükəsiz sərhədi nədir?" Sovet İttifaqının təhlükəsiz sərhədi hər iki tərəfində sovet əsgərlərinin dayandığı sərhəddir".
Polşalı nazir əlavə edib ki, əsil həqiqət Rusiyanın Qərbi təhdid etməsi və müxtəlif təxribatlar törətməsindən ibarətdir, Avropa isə müstəsna olaraq müdafiə taktikasına sadiq qalır:
"Bu, qismən bizim strukturlarımızla bağlıdır, çünki biz demokratik dövlətlərik. Bizim Moskvaya göndərə biləcəyimiz "ölüm eskadronlarımız" yoxdur, elə deyilmi? Biz Polşada etməyə çalışdıqları kimi, Rusiyanın ticarət mərkəzlərini yandırmağa və ya Rusiya qatarlarını partlatmağa hazırlaşmırıq".