Qazaxıstanda məslixat seçkilərində səsvermə başa çatdı

Qazaxıstanda bütün səviyyələr üzrə məslixat deputatlarının növbədənkənar seçkilərində səsvermə yekunlaşıb.

NUR-a istinadən, Astana vaxtı ilə saat 20:00-da ölkə üzrə bütün seçki məntəqələri bağlanıb. Hazırda səslərin hesablanması prosesi davam edir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 16:00-a olan vəziyyətə əsasən, seçici fəallığı 53,86 faiz təşkil edib. Ən yüksək fəallıq Türküstan vilayətində (69,84 faiz), ən aşağı göstərici isə Almatı şəhərində (33,73 faiz) qeydə alınıb.

Seçkilərdə 228 məslixat üzrə deputat mandatları uğrunda ümumilikdə 3 447 yerə namizədlər mübarizə aparıb. Səsvermədə yeddi siyasi partiya iştirak edib: “Auıl”, Milli Sosial-Demokrat Partiyası, Qazaxıstan Xalq Partiyası, “Respublika”, “Ak Jol”, “Baytaq” və “Adilet”.

Seçkilərin yekun nəticələrinin səsvermə başa çatdıqdan sonra beş gündən gec olmayaraq açıqlanacağı gözlənilir.