İtaliyanın “Fincantieri” gəmiqayırma şirkəti dünyanın hidrogenlə işləyə bilən ilk kruiz gəmisi “Viking Libra”nı “Viking” şirkətinə təhvil verib.
Gəmi İtaliyanın Ankona şəhərindəki zavodda inşa edilib. 239 metr uzunluğunda olan gəmi 998 sərnişin tutumuna malikdir və 499 kabinədən ibarətdir.
“Viking Libra”nın əsas xüsusiyyəti mayeləşdirilmiş hidrogen və yanacaq elementlərindən istifadə edən hibrid mühərrik sistemidir. Fincantieri şirkətinin məlumatına görə, sistem 6 meqavata qədər enerji istehsal edə bilir. Hidrogenin oksigenlə kimyəvi reaksiyası nəticəsində elektrik enerjisi əldə olunur və prosesin əlavə məhsulu su olur.
Gəmi hidrogenlə işləyən zaman atmosferə zərərli tullantıların atılmasının qarşısını ala biləcək. Bununla belə, o, bütün səfərlərində yalnız hidrogendən istifadə etməyəcək, digər vaxtlarda ənənəvi mühərriklərindən də yararlanacaq.
Şirkət gəminin hidrogen sisteminin 2027-ci ildə tam istismara veriləcəyini gözləyir. “Viking Libra” ilk mövsümündə Aralıq dənizi və Şimali Avropa marşrutlarında fəaliyyət göstərəcək.
Qeyd edək ki, eyni texnologiya ilə təchiz ediləcək ikinci gəmi – “Viking Astrea” hazırda inşa olunur və 2027-ci ildə təhvil verilməsi planlaşdırılır.